Həmas bildirir ki, Qəzza Zolağında atəşkəs üçün
İsrailin irəli sürdüyü şərtləri qəbul edə bilməz. Qəzzaya dair Qətərdə keçirilən zirvə toplantısında
Həmasın lideri Xalid Məşəl Ərəb ölkələrinin liderlərinə deyib ki, münaqişənin
səbəbkarı Həmas yox, İsraildir. O, yəhudi dövlətini günahsız qadın və uşaqlar
daxil olmaqla fələstinlilərə qarşı müharibə aparmaqda günahlandırıb. Xalid Məşəldən sonra danışan Suriya prezidenti
Bəşər Əl-Əsəd Ərəb dövlətlərini İsraillə
bütün rabitələri kəsməyə çağırıb. Fələstin muxtar idarəsi, Misir və Səudiyyə
Ərəbistanının etiraz etdiyi zirvə
toplantısında İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. BMT-nin baş katibi Ban Ki Mun Ramallahda
Fələstin muxtar idarəsinin liderlərilə görüşdükdən sonra atəşkəs müqaviləsinin
yaxınlaşdığını bildirərək deyib ki, indi İsrailin atəşkəs təşəbbüsünü qəbul
etməsinin vaxtı gəlib çatıb.