Accessibility links

Azərbaycan Avroviziya-2009 müsabiqəsinə qoşulur


Bu il Moskvada keçiriləcək Avroviziya şousuna ikinci dəfə qatılan Azərbaycanı mahnı müsabiqəsində təmsil edəcək musiqiçinin adı müəyyənləşib.

Münsiflər heyəti yarışa iddialı 40 nəfər arasında 19 yaşlı Aysel Teymurzadənin üzərində durub. Onun bir sıra yerli və beynəlxaq müsabiqələrin qalibi olduğu, habelə ABŞ-da musiqi müsabiqəsində qızıl medal aldığı bildirilir.

Münsiflərin seçimi və mahnı müsabiqəsi ilə əlaqədar təşkilat heyətinin üvü, Azərbaycanın İctimai Televiziyasının baş direktoru İsmayıl Ömərov “Amerikanın səsi”nə bunları deyib:

“Keçən ildən fərqli olaraq, bu il biz məsələyə daha mükəmməl yanaşdıq. Hesab edirəm ki, builki seçimimiz keçənilki kimi uğurludur, bəlkə ondan da uğurludur. Ötən il Azərbaycanın Avroviziyada iştirakı və ilk onluğa düşməsi, hər halda, ilk iştirakçı üçün olduqca böyük müvəffəqiyyət idi. Bu il daha yaxşı nəticəyə iddialıyıq. Ona görə də, ötənilki təcrübəmizdən bəhrələnərək, builki seçimimizi daha mükəmməl aparmışıq. Beləliklə də 19 yaşlı, çox yüksək musiqi savadı və peşəkarlığı olan Aysel Teymurzadə bu il Moskvada keçiriləcək Avrovizionda Azərbaycanı təmsil edəcək...

Burada təkcə səs, mahnı yox, həm də səhnə mədəniyyəti, rəqs etmək, dil bilmək bacarıqları, habelə auditoriyanı ələ almaq qabiliyyəti, görünüş məsələləri nəzərə alınmalıdır. Bütün bu tələblər baxımından münsiflər Ayselin üzərində durdu...

Müsabiqəyə çıxaracağımız mahnı hələ tam dəqiqləşməyib. Sadəcə olaraq Ayselin ifası çox xoşumuza gəlib. Mahnı üzərində isə daha ciddi işləyəcəyik. Artıq elan etmişik. Bəstəkarlar ingilis dilində nəgmə hazırlayırlar. Avropa tamaşaçılarının diqqətini cəlb etmək və onların rəğbətini qazanmaq üçün hər şeyi edəcəyik”.

XS
SM
MD
LG