Accessibility links

ABŞ Mətbuatı: Obama hökumətin imkanlarına real yanaşmalıdır


Barak Obamanın prezident seçilməsi bir çox Amerikalılarda ruh yüksəkliyi və gələcəyə ümid yaradıb. İnaqurasiya günü eyforiyanın və gözləntilərin yüksək olduğu bir məqamda bəzi müşahidəçilər Amerikanın üzləşdiyi problemlərin miqyasına diqqət yetirməyi tövsiyə edir.

Washington Post qəzetində yazı ilə çıxış edən Ann Applebaum dövləti idarə etməyi pilotçuluğa bənzədir. Applebaum bu yaxınlarda Nyu Yorkda baş verən təyyarə qəzasından misal çəkir. Hər iki mühərriki dayanmış təyyarəni uğurla qısa bir zaman kəsimində Hadson çayına endirən və bununla da bütün sərnişinlərin həyatını xilas edən pilot milyonlarla insanın gözündə qəhrəmana çevrildi. Bunu pilot bacarıqla və peşəkarlıqa etdi. Eyni zamanda pilotun təyyarəni çaya endirməsində sərnişinlərin sakitliyi və təmkini böyük rol oynadı. Bu insidentdən ibrət dərsi götürən Applebaum böhranla üzləşən dövlətin idarəçiliyində də məsuliyyətli vətəndaş cəmiyyətinin mühüm olduğunu önə çəkir. Onun yazdığına görə əksər cəmiyyətlərdə ictimai vəsaitlərə etinasız yanaşılır və onların hədərə yerə xərclənməsi normal hala çevrilir.

Nyu York səmalarındakı təyyarə kimi Amerikanın iqtisadiyyatı da fəlakətə düçar olub. Applebaum ehtiyat edir ki, problemi tez bir zamanda həll etmək üçün yeni administrasiya hökumətin maliyyələşdirdiyi iri, lakin sonda nəticəsiz layihələrə üstünlük verəcək. İri şirkətlərin xilas edilməsi planı da öz növbəsində yeni iş yerləri yaratmaq əvəzinə müflisləşmə hallarının artmasına gətirib çıxaracaq. Sonda müəllif ümid edir ki, siyasi cərəyanın sağdan sola keçidiyi məqamda Obama administrasiyası tarixin dərslərini unutmayacaq.

New York Times qəzetinin yazarı Devid Bruks yaxın keçmişə ekskursiya edir. Onun sözlərinə görə 1962-ci ildə Devid Bell “İdeologiyanın Sonu” adlı kitab yazmışdı. Həmin kitabda müəllif israr edirdi ki, Amerika yeni praqmatizm erasına daxil olub və Keynes nəzəriyyəsinə əsasən iqtisadiyyatı tənzimləmək mümkün olacaq. Lakin bu kitabın nəşrindən sonra baş verənlər bunun tam əksi oldu. Cəmiyyətdə qütbləşmə baş verdi. Vyetnam müharibəsinin ardınca ölkədə bir-brinə düşmən münasibət bəsləyən fraksiyalar siyasi atmosferdə dominant rolu ələ keçirdilər. Yeni ABŞ Prezidenti Barak Obama da indi praqmatizmi rəhbər tutuduğunu və ideoloji radikallığı rədd etdiyini deyir. Həmin dövrdə başlanan eranın indiyədək davam etdiyini önə çəkən Bruks ümid edir ki, Prezident Obama dönəmində son onilliklərdə cəmiyyətə vurulan yaralar sağalmağa başlayacaq.

XS
SM
MD
LG