Accessibility links

İsveçrədə Qarabağ danışıqları


İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş başlayıb. Nazirlər Dağlıq Qarabağ sülh prosesini müzakirə edirlər.

Bu görüşlər prezidentlərin görüşü ərəfəsində son hazırlıq tədbirlərindəndir. Sabah isə Davos beynəlxalq iqtisadi sammit çərçivəsində Ermənistan və Azərbaycanın dövlət başçıları arasında görüşün təşkil olunacağı gözlənilir.

İlham Əliyevlə Serj Sarkisyan sonuncu dəfə noyabr ayında Moskvada görüşüb bəyanat imzalayıblar. Rəsmi olaraq bu dəfəki görüşdə hər hansı sənədin qəbulu gözlənilmir.

Amma bu yaxınlarda Bakıya və Yerevana səfər etmiş həmsədrlər ümid ediblər ki, prezidentlər növbəti addımlarını müəyyənləşdirəcəklər. Onlar birgə bəyanatlarında deyiblər ki, belə addım məsələn, dövlət başçılarının xarici işlər nazirlərinə sülh sənədinin tərtibi ilə bağlı müvafiq göstərişlər verməsi ola bilər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, prezidentlərin danışıqları barədə «bəribaşdan» proqnoz vermək çətindir. Amma onun sözlərinə görə, nazirlər ümumi kontekstdə müzakirə aparırlar:

"Bu, danışıqlar prosesin davamıdır və Azərbaycan bu görüşlərə öz mövqeyi ilə gedir. Mövqeyimiz dəyişməyib. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər...

Biz dəyişikliyi yalnız nəticə etibarı ilə deyə bilərik. Yalnız görüşdən sonra bəlli olacaq ki Ermənistan tərəfi konstruktiv mövqe tutur, yoxsa tutmur. Eyni zamanda təkid edirik ki, qarşı tərəf beynəlxalq aləmin tam hüquqlu üzvü kimi öhdəliklərini nəzərə alsın. Masa üzərində təkliflər var. Lakin biz tam razılığı gözləyirik".

Xəzər İbrahim deyir ki, son bir neçə ay ərzində tərəflər arasında qəbul olunmuş Moskva bəyannaməsi və eləcə də Türkiyənin vasitəçilik təşəbbüsləri danışıqlar üçün ümumi çərçivə yaradır. Təkbətək görüşlərdə isə tərəflər həmsədrlərin təklifləri üzərində işləyirlər.

Bu yaxınlarda Bakıda olarkən Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, indi hər şey dövlət başçılarının əhval-ruhiyyəsindən asılı olacaq. Cənab Brayza yayadək tərəflər arasında çərçivə sazişinin imzalanacağını da ehtimal etmişdi. Xəzər İbrahim isə deyir ki Bakı vasitəçilərin nikbinliyini bölüşmək istərdi.

Bunu da qeyd edək ki, Azərbaycanın Qarabağla bağlı bütün təşəbbüslərində ərazi bütövlüyü prinsipi əsas götürülür. Ermənistan tərəfi isə Dağlıq Qarabağ ermənilərinin müqəddəratlarının təyini prinsipindən çıxış edir.

Bu arada, Azərbaycan rəsmiləri ötən gecə Dağlıq Qarabağla sərhəddə baş verən atışma zamanı 3 erməni əsgərinin öldürüldüyünü bildirirlər. Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, atışma erməni hərbçilərinin Azərbaycanın Ağdam rayonundakı yoxlanış məntəqəsinə hücumundan sonra baş verib.

Dağlıq Qarabağın erməni rəsmiləri isə bu məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Xatırladaq ki, 1988-ci il Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bəri artıq 35 min insanın həyatına son qoyulub.


XS
SM
MD
LG