Accessibility links

Azərbaycan radiolarla bağlı qərarında israr edir


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Helsinki Komissiyasına xarici radiostansiyaların yayımına tətbiq olunan qaydalara dair məktub göndərib.

Helsinki Komissiyasının liderləri konqresmen Alsi Hastinqs, senator Bencamin Kardin və konqresmen Kristofer Smitin adına ünvanlanan məktubda xarici işlər naziri Elmar Məmmədyarov bildirir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların yayımının milli teziklərdə dayandırılmasına dair qərarı Avropa Şurasının ekspertləri tərəfindən nəzərdən keçirilmiş 2002-ci ilin "Televiziya və Radio yayımına dair" qanunvericiliyə uyğun olaraq verilib.

Məktubda qeyd olunur ki, qanunun dərhal qüvvəyə minməsinə baxmayaraq, MTRŞ yerli əhaliyə müxtəlif xarici media şirkətləri ilə tanışlıq imkanı vermək zərurətini nəzərə alaraq onu tədricən bir neçə il ərzində həyata keçirməyə başlayıb.

2006-cı ildə MTRŞ bu qanunu Rusiya və Türkyə televiziya kanalları, habelə Fransa radiosuna tətbiq edib. Nazirin bildirdiyinə görə, bu ölkələr məsələnin mürəkkəbliyinə baxmayaraq, milli qanunvericiliyə və Azərbaycanın daxili işlərinə hörmət göstəriblər.

Cənab Məmmədyarov qanunun Azadlıq radiosu, Amerikanın Səsi və BBC şirkətləri daxil olmaqla, bütün xarici yayım şirkətlərinə qərəzsiz və ədalətli şəkildə tətbiq olunmalı olduğunu xüsusi vurğulayıb. Nazir MTRŞ-in qanunun tətbiq etməsinin Fransa, Böyük Britaniya və Almaniya kimi inkişaf etmiş demokratik ölkələrin təcrübəsinə uyğun olması faktına diqqəti çəkib.

Azərbaycanda xarici yayımla bağlı hazırkı duruma aydınlıq gətirilməsi məqsədilə nazir Məmmədyarov qanunun yalnız Azərbaycanın məhdud milli tezliklərini əhatə etdiyini xüsusi vurğualyıb. O qeyd edib ki, xarici yayım şirkətləri öz proqramlarını kabel, peyk, İnternet və qısa dalğalarda yaya bilərlər.

Xarici İşlər naziri Məmmədyarov xarici yayım şirkətlərinin demokratiyanın inkişafı və mətbuatda plüralizmə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini, lakin suveren qanuna hörmət edilməsinin böyük əhəmiyyətini də qeyd edib.

XS
SM
MD
LG