Accessibility links

Leyla Yunus: ‘Azərbaycan  Avropa Şurası qarşısında  götürdüyü 21 öhdəliyin cəmi 4-nü tam yerinə yetirib’



"Beynəlxaq təşkilatlar Azətbaycanda baş verənləri sərt tənqid etməməklə, ölkə iqtidarına siyasi kredit veriblər. Indi iqtidar nəyə etiraz edir, mən başa düşmürəm".

Bu fikirləri hüquq müdafiəçisi Leyla Yunus Azərbaycanda rəsmi səviyyədə Avropa Şurasına qarşı səslənən narazılıqlara münasibət bildirərkən deyib.

O, Amerikanın səsinə müsahibəsində daha sonra bunları deyib: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü 21 öhdəliyin cəmi 4-nü tam yerinə yetirib. Siyasi məhbuslar problemi həll olunmayıb, mətbuata qarşı təzyiqlər göz qabağındadır. Ancaq buna heç bir beynəlxalq təşkilat lazımi reaksiya vermir.

Azərbaycan iqtidarı da görür ki, heç kim onu sərt tənqid etmir və buna görə də seçkilər saxtalaşdırılır, toplaşma azadlığı yoxdur. Bunları etməklə hökümət həm də başa düşdüyünü göstərir ki, bütün dünyaya ancaq neft və qaz lazımdır, demokratiya və insan hüquqları isə söz olaraq qalır".

Leyla Yunus Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Şuranın ölkədə gedən prosesləri gözardına vuraraq, insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı əsassız olaraq məruzəçi təyin etməyə cəhd göstərdiyi barədə bəyanatı ilə razılaşmır.

Onun fikrincə, Avropada hələ Azərbaycanı lazımi qədər tənqid etmirlər, belə ki, indi ölkədə 66 siyasi məhbus var:

'Ötən ilin mart ayında Azərbaycan Gürcüstan və Ermənistanın hüquq müdafiəçiləri birlikdə Avropa Şurasına müraciət ediblər. Biz istəyirik ki, siyasi məhbuslarla əlaqədar üç ölkə üzrə regional məruzəçi təyin olunsun. Əgər Azərbaycana təyin olunursa, çox yaxşı. Çünki İnsan Hüquqları Federasiyasının siyahısına görə, hazırda Azərbaytcanda 66 siyasi məhbus var'.

Azərbaycan rəsmiləri ölkədə heç bir siyasi məhbus qalmadığını, siyasi fəaliyyətinə görə həbs olunmuşların hamısının 2005-ci ilədək azadlığa buraxıldığını bildirirlər.

XS
SM
MD
LG