Accessibility links

Barak Obamanın yaxın adamı Bakıdadır


Bakıdan alınan xəbərlərdə deyilir ki, Amerikanın yeni prezidenti Barak Obamanın inanılmış adamı Devid Plaff bu gün Azərbaycan paytaxtında ölkə rəhbərliyi ilə məxfi danışıqlar aparıb.

Bu səfər Amerika mətbuatında da böyük maraq oyadıb. Azərbaycandakı müstəqil və müxalif yönlü siyasətçilər isə Obamanın seşki qərargahına başçılıq etmiş bir şəxsin Bakıya səfərini kənardan izləyirlər.

Amerika mətbuatı cənab Plaff haqqında "tanınmayan qəhrəman" ifadəsini işlədib. Vaşinqton Post qəzeti yazır ki, prezident Barak Obamanın onun seçki komandasında müstəsna rol oynamış Plaff prezidentin komandasında yeni medianın çarçısı sayılır.

Rəsmilər bildirilər ki, cənab Plaff Ağ Evdə olmasa da, Ağ Evlə olduqca yaxın əlaqələri var. O, prezident Obamanın Amerika üçün Təşkilatçılıq kampaniyasına rəhbərlik edib. Bu kampaniyanın gedişində Obamanın tərəfdarlarına 13 milyon elektron məktub göndərilib.

Vaşinqton Post diqqəti ona yönəldir ki, neft ölkəsi Azərbaycanda demokratiyanı laxlatmaqda ittiham olunan, 2003-cu ildə Dövlət Departamentinin verdiyi bəyanata görə, pozuntulu seçkilərlə hakimiyyətə gəlmiş, prezidentliyi dövründə də parlament seçkiləri ATƏT-in hesabatına görə, qüsurlu keçmiş İlham Əliyevlə Plaff nədən danışacaqlar?

Qəzet Bakıdakı Amerika səfirliyinin sözçüsü Terry Devidsona istinadən yazır ki, onun səfəri ilə bu qurum məşğul olmur. Müəllif Ş.Vedantam Azərbaycanda mətbuat azadlığı məsələsinə toxunaraq, yazır ki, hələ ötən dekabrda Amerika hökuməti Azərbaycanı xarici radioların yerli tezliklərdən çıxarılmasına görə kəskin tənqid etmişdi.

Müəllif habelə Dövlət Departamenti rəsmisinin Amerikanın səsi, Azadlıq və BBC-nin rolu barədə dediklərini yada salır. Belə ki, hər üç media orqanı demokratiyanın dəstəklənməsində həlledici rol oynayır. Bu radioların FM tezliyindən çıxarıldığı və eləcə də Azərbaycan hakimiyyətinin ölkədə prezidentlik müddətinin uzadılmasına dair referenduma hazırlaşdığı bir vaxtda Amerika prezidentinin yaxın adamının Bakı səfəri qəzetdə maraq doğurur.

Nüfuzlu Harper internet jurnalı isə Plaffın Bakıya səfərini neft amili ilə bağlayır. Mənbə diqqəti ona yönəldir ki, Amerikanın birinci adamına yaxın hesab olunan şəxs Bakıya yerli hökümətə yaxınlığı ilə seçilən təşkilatın dəvəti ilə gedib.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım adlanan bu təşkilat isə Azərbaycanda məsələn, 2003-cü il president seçkilərində keçirdiyi ziddiyyətli exit-polla yadda qalıb. Sayt xatırladır ki, sözügedən sorğuda İsa Qəmbərin cəmi 6 faiz səs qazandığı bildirilirdi. Halbuki rəsmi sorğularda bu rəqəm 12 faiz göstərilirdi, cənab Qəmbər özü isə 40 faiz səs qazandığını bildirirdi.

Plaffın özü Bakıya səfərinin Amerika administrasiyasına heç bir aidiyyatı olmadığını vurğulayıb. Seçki texnoloqu Bakıda müxalifətdən heç kəslə görüşməyib. Rəsmilərlə keçirilən görüşlər barədə isə heç bir məlumat verilmir.

Nüfuzlu Politiko portalı isə diqqəti ona yönəldir ki, Devid Plaff bu yaxınlarda Obama kampaniyasının sirləri barədə kitabın nəşri üçün olduqca sərfəli kontrakt bağlayıb. Məhz belə bir şəxsin Azərbaycana səfər etməsi də ayrıca diqqət doğurur.

Bakıdakı siyasi ekspertlər isə Amerika rəhbərliyində heç bir vəzifə daşımayan, lakin prezident Barak Obamaya yaxınlığı ilə seçilən Plaffın səfərini müəmmalı hesab edirlər.

Buna baxmayaraq, politoloq Rasim Musabəyov Amerikanın səsinə müsahibəsində hazırda Amerikanın yeni administrasiyası ilə Azərbaycan arasında bir sıra cavabı məlum olmayan suallar qaldığını deyir. Bununla yanaşı cənab Musabəyov güman etmir ki, Amerika rəhbərliyi öz suallarına məhz bu formada reallaşan bir səfərlə cavab istəsin…

“Hər halda, əgər bu, ciddi bir səfər idisə, o zaman, ya səfirliyin xətti ilə həyata keçirilməli idi, ya da digər qurumların. Amerika Administrasiyasına həqiqətən də yaxın olan bir adamın səfəri bu şəkildə təşkil olunmur. Ona görə də Plaffın səfəri şəxsən mənim üçün müəmmalı qaldı...

O ki qaldı, ABŞ Administrasiyasının Azərbaycana münasibətinə, Obama özü də Bakıda olub və ölkə barədə şəxsi təəssüratları var. Fərz edirəm ki, onun üçün də Azərbaycan və onun əhəmiyyəti məlumdur...

Amma Amerikanın xarici siyasətində Azərbaycana nə zaman vaxt çatacaq, bunu demək çətindir. Hələlik isə hesab edirəm ki, Azərbaycan və onun problemləri Rusiya-ABŞ münasibətlərinin kölgəsində qalacaq”.


XS
SM
MD
LG