Accessibility links

Qərb mətbuatı: ‘İran qaz amilindən siyasi alət kimi istifadə edir’


Hələ bu yaxınlarda Rusiya Avropaya qaz təchizatını dayandıranda, İran özünü Qərb üçün potensial alternativ təchizatçı kimi göstərməyə çalışırdı. Və bunula da, Qərb təhlilçilərinə görə, Tehran, öz nüvə fəaliyyətilə bağlı diplomatik danışıqlarda mövqeyini möhkəmlətmək istəyirdi.

Lakin son zamanlar İranın Nabukko layihəsinə doğru da diplomatik addımlar atdığı barədə təsəvvür yaranıb.

İndi həm Vaşinqtonda, həm də Avropa paytaxtlarında sual edirlər ki, dara düşəndə İrandan qaz almağa dəyərmi?

Nüfuzlu “İnternational Herald Tribune” qəzetinin yazarı Əndris Kala “Təcrid olunmuş İran Avropaya təbii qaz təchizatı təklif edir” adlı məqaləsində yazır ki, İran tarixən özünün qaz təchizatçısı kimi potensialından siyasi alət kimi istifadə etməyə çalışıb.

“İranın yerində mən də olsaydım qaz amilindən kart kimi istifadə edərdim” – deyə Avropa ittifaqının enerji məsələləri üzrə komissarının sözçüsü Feran Taradellos bu yaxınlarda bildirib.

Lakin o işarə edib ki, Tehranın nə istəməsi Avropanın mövqeyini dəyişə bilməz, belə ki, İran qazı necə deyərlər, Avropanın dərdinə məlhəm deyil…

Qəzet yazır ki, əgər günlərin bir günü İran ətrafındakı beynəlxalq mübahisələr, məsələn uranın zənginləşdirilməsi məsələsi həll olunarsa, onda əlbəttə ki bu ölkə ilə əməkdaşlıq istisna olunmur. Lakin belə bir gün gələməyə də bilər.

“Beləliklə də, Moskvadan qaz asılılığını azaltmaq Avropa üçün bir nömrəli problem olaraq qalır” – deyə “İnternational Herald Tribune” qeyd edir.

Bu problemin həllində isə dəyəri 10.3 milyard dollar olan Nabukko boru kəməri kömək edə bilər. Lakin Nabukko layihəsi də ləngiyir.

Müəllif daha sonra yazır ki, Nabukko layihəsi həmçinin Türkiyənin Avropa Birliyinə üzvlük məsələsindən tutmuş, Birliyin Rusiya ilə münasibətlərinə qədər bir sıra məsələlərdə maneələrlə üzləşməkdədir.

Qəzetin yazdığına görə Nabukko Konsorsiyomu lazımı investisiyanın 30 faizini təmin etmək niyyətindədir. Keçən ay Avropa Komissiyası da Nabuko üçün qarantiyalar və kreditlərin əldə olunmasında dəsdək vəd edib.

Xəzərdəki qaz təchizatçıları isə aydın şəkildə bildiriblər ki, Nabukko layihəsi onların Rusiya ilə münasibətlərini risk altına qoyduğundan, onlar bu layihədən daha çox şey gözləyirlər. Buna görə də, məqalə müəllifi marşrutun reallaşmasına siyasi amillərin daha çox əngəl törətdiyini düşünür.

Bununla belə, qəzet Azərbaycan prezidenti İlham Əliyevin ötən ay Davosda dediklərindən sitat gətirir. Əliyev deyib ki, bu məsələdə daha çox siyasi istək və maliyyə öhdəliyi olmalıdır.

Ancaq “İnternational Herald Tribune”dən fərqli olaraq, nüfuzlu “Finansial times” jurnalının yazarları Xəzər qazının Avropaya nəqlində əsas siyasi maneə kimi iki oyunçunu görürlər. Rusiyanı və Türkiyəni.

Jurnalın müəllifi Borut Grgic «Avropa Xəzər qaz kəmərinə nəzarəti itirir» başlıqlı məqaləsində yazır ki, Avropa Nabukko dəhliziylə Azərbaycan qazını almağa tələsməsə, itirəcək.

Müəllif yazır ki, son vaxtlar Avropa Birliyindən soyuqluq görəndən Türkiyə hökuməti mövqeyini dəyişib.

İndi baş naziri Ərdoğanın administrasiyası Azərbaycan qazını Avropaya çatdıracaq tranzit ölkədənsə, region mərkəzi olmaq mövqeyini sərgiləyir. Yəni qazı Azərbaycandan alıb, Avropaya öz qiymətləri ilə satmaq niyyətindədir. Amma bu, Avropaya sərf etmir və Avropa da buna imkan verməməlidir.

Məqalədə deyilir ki Avropa tez hərəkətə keçməsə, Rusiya cənub dəhlizini də bağlayar. Belə ki, Moskva artıq Azərbaycan qazını almağı təklif edib. Odur ki, “Finansial times”a görə, Avropa tələsməlidir.

XS
SM
MD
LG