Accessibility links

Nüzhet Kandemir: ‘ABŞ Türkiyənin erməni məsələsində həssaslığını anlamalıdır’


1989-1998-ci illərdə Türkiyənin ABŞ-da səfiri olmuş nüfuzlu diplomat Nüzhet Kandemir Amerikanın səsi radiosuna müsahibə verib. Cənab Kandemir ABŞ-ın yeni administrasiyasından Türkiyənin gözləntiləri, Ankaranın Qafqaz siyasəti və erməni soyqırımı məsələlərindən danışıb. Müsahibənin tam mətnini təqdim edirik.

Sual: ABŞ-da yeni administrasiyanın hakimiyyət başına gəlməsindən sonra Türkiyə ilə Amerika arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

Cavab: Hər iki ölkə üçün bu münasibətlər vacibdir. Bir məqama xüsusi əhəmiyyət vermək lazımdır. Amerika özü supergüc kimi, Türkiyəyi nə dərəcədə maraqlandırırsa, Tükriyə də öz regionunda vacib bir ölkə kimi, Amerikanı o dərəcədə maraqlandırmalıdır. Buna görə də, hər iki ölkə siyasətçilərinin bir-birilərinin suallarına, xüsusilə də türk xalqının, bəlkə də, bəzən başa düşülməyən duyğularına, həssasiyyətlərinə düzgün yanaşmaları vacibdir. İki ölkə arasındakı münasibətləri yalnız hərbi münasibətlər səviyyəsindən çıxarıb, bütün sahələrdə inkişaf etdirmək lazımdır. Təəssüf ki, bundan əvvəlki ABŞ administrasiyası dövründə vəzifədə olan bəzi sözçülər Türkiyədən sadəcə tələb etmək və sanki, Türkiyənin də bu tələbləri yerinə yetirməyə borclu olduğu kimi bir mövqedən çıxış edirdilər. Türk xalqının hisslərinin nəzərə alınmadığı bütün siyasətlər uğursuzluğa məhkumdur. Mənim gözləntim budur ki, Obama administrasiyası bu məsələlərdə daha anlayışlı olacaq və Türkiyə ilə münasibətləri öz xələfləri ilə müqayisədə daha yaxşı şəkildə irəli aparacaq. Beləliklə də, Obamadan gözləntilərimiz böyükdür və bu gözləntilərə cavab olaraq türk xalqının çox həssas olduğunun nəzərə alınacağına inanıram. Misal olaraq, başda Türkiyəyə qarşı soyqırım iddialarının Amerika administrasiyası tərəfindən əsla dəstəklənməməsi olmaqla, Kipr məsələsi və digər problemlərə çox diqqətlə yanaşması və türk xalqının son illərdə Amerikaya qarşı itirilən marağını yeniən bərpasını gözləyirik.

Sual: Son illərdə Türkiyənin adı regionda İran, Ermənistan, Fələstin və digər məsələlərdə hallanmağa başlanıb. Buş Administrasiyasının son dövrlərində Ankaranın regional siyasətinin Vaşinqton üçün sürpriz doğurması barədə fikirlər səslənirdi. Sizcə indi ABŞ-la Türkiyənin bir-birinə izah etməli olduğu məsələlər hansılardır?

Cavab:
Türkiyə ilə ABŞ administrasiyası arasında bütöv bir koordinasiyanın mövcudluğunu demək mümkün deyil. Bu məsələdə hər iki ölkə siyasətçilərinin daha bacarıqlı siyasət ortaya qoymalarına ehtiyac var. Lakin Türkiyə öz yerləşdiyi bölgədə qonşuları ilə - İran, İraq, Suriya ilə yaxın münasibətlər içində olmalıdır. Atatürkdən qalma xarici siyasi kursun mahiyyəti də məhz qarşılıqlı sayğı və daxili məsələlərə qarışmamaq siyasətidir. Bu siyasətə xələl gətirən hərəkətlər Türkiyə hökuməti üçün qəbulolunmazdır. Bəzən Türkiyə hökumətləri, məsələn, Fələstin-İsrail mövzusunda vasitəçilik kimi, Türkiyənin oynaması mümkün olmayan rolların arxasına qaçmağa başlayanda, bunun mümkünsüzlüyünü Ankaraya başa salmaq olar. Amma Türkiyə regiondakı münaqişələrin həllində asanlaşdırıcı rol oynaya bilər və bu rolu olduqca yaxşı oynayar. İstər İran məsələsində, istərsə də Fələstin-İsrail və digər məsələlərdə.

Sual: Bugünlərdə ABŞ prezidenti ilə Türkiyə liderləri arasında aparılan telefon söhbəti zamanı Türkiyə rəhbərliyi Ankaranın bir sıra məsələlərdə həssaslıqlarının başa düşülməsini istəyib. Siz bu həssaslıqları necə ifadə edərdiniz? Yeri gəlmişkən, Amerika tərəfi bu söhbət zamanı əsas diqqətin NATO mövzusuna, Türkiyə rəsmiləri isə Qafqaz və başqa məsələlərə yönəldildiyini bildirirlər.

Cavab:
NATO məsələsində Türkiyə ilə Vaşinqton arasında yaxşı əməkdaşlıq var və bu mövzuda hansısa böyük bir fikir ayrılığının ortaya çıxacağını mən güman etmirəm. Ancaq bunun xaricində, xüsusilə də, erməni məsələsində Türkiyənin bir sıra həssaslıqları var və bu həssaslığın Amerikada düzgün başa düşülməsi və ona uyğun hərəkət etməsi lazımdır.

Sual: Barak Obama seçki kompaniyası dövründə erməni soyqırımını tanıyacağını vəd etmişdi. Sizcə bu məsələ bəyanatdan daha yuxarı səviyyəyə qalxa bilərmi?

Cavab: Məncə, bu, olduqca kritik bir məsələdir. Ümid edirəm ki, Barak Obama kampaniyası dövründə verdiyi vədini bu gün Tükriyə-Ermənistan, Türkiyə-Azərbaycan və Azərbayca-Ermənistan münasibətləri baxımından dəyərləndirər. Türkiyənin Azərbaycanla heç bir problemi yoxdur. Amerika da bunu başa düşməlidir. Əgər son zamanlar erməni məsələsində bəzi irəliləyişlər əldə olunubsa, ABŞ-ın erməni soyqırımı iddialarını qəbul etməsi, bu irəliləyişlərin də qarşısını ala bilər. Ümid edirəm ki, Obamanın ətrafındakılar bu məsələlərə diqqət yetirəcəklər və soyqırım mövzusunda verilmiş vəddən geri addım atmağın bir yolunu tapacaqlar.

Sual: Hazırda Türkiyə ilə ABŞ arasında həll edilməli olan başqa hansı problemlər var?

Cavab: ABŞ regional baxımdan Türkiyə ilə münasibətlərində Türkiyənin öz mənfəətləri baxımından həssas olduğu məsələləri düzgün hesablamalı və Türkiyəni ondan istənən hər şeyə əməl edəcək bir ölkə kimi qəbul etməməlidir. Çünki Türkyənin də öz maraqları çərçivəsində hərəkət etməli olduğu məsələlər var.

Sual: Siz Türkiyənin Qafqaz paktı ilə bağlı təkliflərinə necə baxırsınız? Bu plan çərçivəsində Ankara-Moskva yaxınlaşması və eləcə də Qarabağ nizamlamasında Türkiyənin vasitəçilik səyləri ABŞ-ın siyasəti ilə üst-üstə düşürmü?

Cavab:
Son günlər ABŞ-la Rusiya arasında bir sıra görüşlər keçirildi və iki ölkə münasibətlərinin inkişafına dair bəzi siqnallar verdilər. Məncə, bu durumda həm ABŞ-ın, həm Rusiyanın, həm də regionun digər aktiv oyunçularının - Azəbaycan və Türkiyə kimi vacib ölkələrin maraqlarını təmsil edə biləcək bir siyasi platforma ehtiyac var.


XS
SM
MD
LG