Accessibility links

Süleyman Şensoy: ‘İran üçün Qərbə Türkiyədən başqa qapı yoxdur’


Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ölkəsinin İranla ABŞ arasında vasitəçiliyə hazır olduğunu bildirb. Cənab Ərdoğan belə bir xahişlə İran tərəfinin çıxış etdiyini deyib və əlavə edib ki, o, Tehranın dialoqa hazır olması barədə mesajını ABŞ-ın yeni prezidenti Barak Obamaya çatdıracaq. Ankarada yerləşən Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Süleyman Şensoy mövzu ilə əlaqədar Amerikanın səsinə müsahibə verib:

Sual: Türkiyənin özündə Ankaranın İranla ABŞ arasında vasitəçilik etmək təşəbbüslərinə münasibət necədir?

Cavab: Təbii ki, ABŞ-da hakimiyyət dəyişiklikdən sonra, xüsusilə də yeni prezident Barak Obamanın elan etdiyi dəyişiklik siyasəti çərçivəsində Türkiyənin vasitəçilik niyyətinin düzgün olduğu qənaətindəyik. Çünki regionda dialoq yaratmaq qabiliyyətli və bu mövzuda vasitəçilik edə biləcək yeganə ölkə Türkiyədir. Amma əlbəttə ki, vasitəçiliyin əsas şərti hər iki tərəfin bu məsələdə yaxşı niyyət göstərməsidir. Yəni məsələn, İranın hər hansı sualı olsa, Amerika buna cavab verməlidir və yaxud da əksinə. İndiki halda hər iki tərəfin liderlərinin nümayiş etdirdiyi yumşaq ab-hava fonunda, regionda sülhün əldə olunması üçün Türkiyənin dialoq təklifini irəli sürməsi, məncə, çox vacib idi.

Sual: İranın nüvə ambisiyalarından doğan beynəlxalq narahatlıq NATO üzvü kimi, Türkiyədə də hər halda, diqqətlə izlənir. Digər tərəfdən, Türkiyə müsəlman ölkəsidir və İranla dini bağları var. Belə bir geosiyasi mənzərədə Ankara hansı rol oynaya bilər?

Cavab: Heç şübhəsiz ki, NATO-nun, ABŞ və Avropanın narahatlıqlarını Türkiyədə də bölüşürlər. İranın nüvə planlarında qeyri-sülh məqsədlərilə istifadə etməsi ehtimalı Ankaranı da narahat etməlidir və edir. Bununla belə, Türkiyə inanmaq istəyir ki, İranın bütün fəaliyyəti yalnız sülh xarakterli enerji məqsədlərinə yönəlib. Bu mənada, Tehranın bunu sübut etməsi, hamı kimi, Türkiyəni də arxayınlaşdıracaq. İran üçün Qərb dünyasına Türkiyədən başqa qapı yoxdur.

Sual: Son aylarda Türkiyənin İranla enerji sahəsində yaxınlaşması Qərbdə ciddi narahatlıqıa, bir çox hallarda, hətta skeptik qarşılandı. Bəzi ekspertlər ehtiyatlanırlar ki, əgər Ankaranın vasitəçilik səyləri də nəticə verməsə və İran bu dialoqda özünün ənənəvi davakar mövqeyini nümayiş etdirsə, o zaman Türkiyə, Qərb dairələrində nüfuzunu tamamilə itirə bilər. Siz bu fikirləri bölüşürsünüzmü?

Cavab: Beynəlxalq münasibətlərdə heç bir ölkə üçün maraqların 100 faiz qəbulu kimi bir anlayış yoxdur. Türkiyənin İranla kəsişən maraqları Amerikada sevilə-sevilə qəbul oluna bilər və yaxud da əksinə. Enerji sahəsində Ankaranın Tehranla razılaşmaları hələ ki, tam reallaşmayıb. Bu, gələcəkdən asılıdır.

Sual: Ankara son aylar özünü regonda məsələn, Dağlıq Qarabağ, Ərəb-İsrail kimi münaqişələrin nizamlanmasına vasitəçi rolunda sınayıb. Lakin bu təşəbbüslərin əsas məsələyə - münaqişələrin həllinə heç bir təsiri yoxdur. Belə vəziyyətdə Türkiyə üçün yeni cəbhədə vasitəçilik nə dərəcədə vacibdir?

Cavab: Bu, Türkiyənin regiondakı əhəmiyyətinin göstəricisidir. Həm də türk diplomatiyasının gücünü nümayiş etdirən bir məsələdir. Ankaranın vasitəçilik səyləri və rolu digər cəbhələrdə olduğu kimi, İranla ABŞ arasındakı mümkün dialoqda da vacibdir. Əlbəttə, çox çətin bir mərhələnin başlayacağını əvvəldən nəzərə almaq lazımdır.

Sual:
Ümumilikdə, ABŞ-la İran arasında mümkün dialoqda Türkiyənin yeri harada olacaq? Türk siyasətçiləri yalnız təklif verəcəklər, yoxsa bir tərəf kimi masa arxasında oturacaqlar?

Cavab: Vasitəçinin rolu tərəfsiz olmaqdır. O, kiminsə tərəfində olsa, o zaman bu təşəbbüslər heç bir nəticə verməyəcək. Türkiyə də məhz tərəfsiz vasitəçi olmağı nəzərdə tutur.


XS
SM
MD
LG