Accessibility links

Dəyirmi Masa: ‘Qlobal maliyyə böhranının Cənubi Qafqaza təsirləri’


“Azərbaycan Rusiya və Türkiyədə iqtisadiyyatın stabil olmasında maraqlıdır”. Bunu “Amerikanın səsi” radiosunda bu gün keçirilən “Qlobal maliyyə böhranının Cənubi Qafqaza təsirləri” başlıqlı dəyirmi masa söhbəti zamanı Azərbaycan Respublikasının baş nazirinin keçmiş müavini və millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Türkiyə və xüsusilə Rusiyada çoxsaylı azərbaycanlı yaşayıb işləyir və Azərbaycandakı ailələrinə külli miqdarda vəsait göndərirlər. Sabiq nazir müavini deyib ki, bu vəsaitin miqdarı milyonlarla ölçülür və bu vəsaitlərin göndərilməsində artıq müəyyən azalmalar baş verir.

Maliyyə böhranın bütün dövlətlərə təsir etdiyini bildirən millət vəkili o cümlədən Cənubi Qafqaz ölkələrinə də ciddi təsir etdiyini bildirib: “Azərbaycanda müəyyən dərəcədə işsizlik, kredit verilməsi ilə bağlı bəzi problemlərin yaranmasına baxmayaraq, böhran ölkəyə çox da ciddi təsir göstərməyib. Düzdür, hökumət və Milli Bank qabaqcıl addımlar atsa da, bəzi gecikmiş addımlar da olub. Bu əsasən milli valyutanın saxlanması ilə əlaqədardır. Valyuta nə qədər korridorda saxlanılarsa, insan daha çox öz ehtiyaclarını ödəyə bilərlər. Ancaq bunu uzun müddət saxlamaq çətindir”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi rəhbəri Azər Mehdiyevin isə deyir ki, Ermənsitanda son günlər baş verən hadisələr Cənubi Qafqazın qlobal maliyyə böhranından nə qədər etkiləndiyini göstərir. Onun sözlərinə görə, bu ölkələrin iqtisadiyyatlarının zəif olması və xüsusilə də belə bir zamanda borc öhdəliklərinin böyük olması tədricən böhrana dözüm həddini məhdudlaşdırır və böhranı gedikcə dərinləşdirir. O, eyni vəziyyətin bir müddətdən sonra Gürcüstanda olmasını ehtimal edir: “Güclü ticarət əlaqələrinə malik olan ölkələr arasında bir ölkədə başlayan proseslərin digər ölkəyə keçməsi qaçılmaz olur. Gürcüstanla güclü ticarət əlaqələrinə malik Ermənistanda baş verən son hadisələr Tbilisiyə də təsirsiz ötüşməyəcək”. Ekspertin sözlərinə görə, Azərbaycanda formalaşmış valyuta resursları əsasən neft gəlirlərinə söykənir və böhran şəraitində böyük büdcə vəsatindən istifadə olunur. Cənab Mehdiyev deyir ki, tədricən ehtiyatların tükənməsi qaçılmaz olacaq.

Milli Məclisin üzvü Vahid Əhmədov isə mümkün qədər manatın kursunun saxlanmasının vacibliyini vurğulayır. Ancaq bunu bir il ərzində saxlamaq təxminən 1.6-1.8 milyard dollara başa gəlir. Sərbərt buraxılacağı təqdirdə isə bunun əhaliyə təsiri böyük ola bilər. Azərbaycanda avronun dəyər itirməsi, dolların isə bahalaşmasından danışan Cənab Əhmədov bunu ABŞ-ın maliyyə böhranına verildiyi cavabın kəsərliliyi ilə əlaqələndirib: “Avropa dövlətlərində isə vəziyyət həddindən artıq ağırdır. Orada zavodlar, fabriklər bağlanır.Azərbaycanın Avropa dövlətləri ilə sıx ticarət əlaqələrini olduğuna görə, ölkədə avronun dəyər itirməsinin təsiri hiss olunmalıdır”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə,enerji sahəsi elə bir sahədir ki, o, belə vəziyyətdə böhranlara elə bir ciddi təsir göstərmir: “Bu cür böhranlar dövründə enerji lahiyələri daha cəlbedici olur”. Onun sözlərinə görə, böhran səbəbilə qeyri-neft sektorundan fərqli olaraq, neft sektoruna investisiyanın azalması ehtimalı o qədər yüksək deyil.
XS
SM
MD
LG