Accessibility links

Azərbaycanlı məktəbli məhkəməyə çağrılıb


Yerli mənbələrin yaydığı məlumata görə, azərbaycanlı məktəbli İbrahim Nuri, Əhər şəhəri İslam İnqılabı Məhkəməsinə çağrılıb. Əhər İslam İnqılabı Məhkəməsindən məktəbinin ünvanına göndərilən çağırış vərəqəsində, onun atası Həmdulla Nuridən, oğlunu 20 gün ərzində həmin məhkəməyə təhvil verməsi tələb edilib. Məhkəmə xəbərdarlıq edib ki, İbrahım Nuri məhkəməyə gətirilməzsə, onun bir müddət öncə zaminə buraxılması üçün girov qoyulmuş maddi vəsait dövlətin xeyrinə zəbt olunacaq. Çağırış vərəqəsində qeyd edildiyinə görə, İbrahım Nuri “İslam dövlətçiliyinə əks-təbliğat” maddəsi üzrə ittiham olunur.
Ötən il İbrahım Nuri Azərbaycan türkcəsində təhsil almaq istədiyini dilə gətirdiyinə görə oxuduğu Əhərin Şəhid Müddərris adına Orta Məktəbindən qovulub. Bunun ardınca o, dəfələrlə Əhər Ettelaatına aparılaraq, müxtəlif təhdidlərə, fiziki və psikoloji təzyiqlərə məruz qalıb. Ettelaat bununla kifayətlənməyərək, orta məktəb şagirdinə qarşı cinayət işi açıb və onun cəzalandırılması tələbi ilə İnqilab Məhkəməsinə müraciət edib.
Bundan öncə, Təbrizli orta məktəb şagirdi, Məhəmmədrza Əvəzpur da oxşar ittihamlarla məktəbdən qovulmuş və həbs olunmuşdu. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbs olunduğu zaman 15 yaşı yenicə tamam olmuş azərbaycanlı yeniyetmə saxlandığı Təbriz Ettelaatının qapalı təcridxanasında müxtəlif işgəncələrə məruz qalmışdı. Zaminə buraxıldıqdan bir müddət sonra isə Təbrizin İslam İnqilabı Məhkəməsi Məhəmmədrzanı 15 ay müddətinə azadlıqdan məhrum etdi.
XS
SM
MD
LG