Accessibility links

Avropa Birliyi Nabukkonu prioritet layihələr sırasından çıxardı


Qərb agentlikləri Avropa Birliyi Nazirlər Şurasına istinadən, qurumun Nabukko qaz kəmərinin tikintisi üçün nəzərdə tutuduğu 250 milyon avroluq vəsaiti ayırmayacağı barədə məlumat yayıblar. Birlik Azərbaycan qazını alternativ marşrutlarla Avropaya çatdıracaq bu layihəni büdcənin xərclənməyən vəsaitləri hesabına maliyyələşdiriləcək proyektlər siyahısından çıxarıb.

Nüfuzlu Bilkənd Universitetinin enerji məsələlri üzrə analitiki Necdet Pamir mövzu ilə əlaqədar Amerikanın səsinə müsahibə verib:

Sual: Cənab Pamir, 2003-cü ildən gündəmdə olan Nabukkonun çəkilməsi onsuz da maliyyə, rentabellik və digər problemlər baxımından xeyli vaxtdır ki, sual altında idi. Avropa İttifaqı ilkin olaraq bu layihənin tikintisinə 250 milyon avro vəsait ayırmağı nəzərdə tutsa da, sonradan bu rəqəmi 50 milyon avroya endirib. Hazırda isə qurum “Nabucco” layihəsini prioritetləri sırasından çıxararaq, büdcənin Avropada bir sıra enerji layihələrinin reallaşmasını nəzərdə tutan “Cənub qaz dəhlizi” bölməsinə daxil edib. Avropa Birliyinin bu şəkildə mövqeyini dəyişməsi, kəmər üçün yeni təhlükələr yarada bilərmi?

Cavab: Əvvəlcə gəlin Nabukko layihəsinin mənasını açaq. Bu layihə Qafqaz yaxud Orta Şərq qazının Türkiyəyə və Avropaya nəqlini hədəfləyib. Məqsəd isə Avropanın Rusiyadan asılığını azaltmaq və qaz mənbələrini müxtəlifləşdirməkdir. Bu baxımdan Nabukko Avropa Birliyi üçün olduqca vacib layihədir. Bu baxımdan sadəcə, 250 milyon avroluq bir kreditin ayrılmaması ilə Nabukkonun olmayacağını demək düzgün deyil. Bu vəsaitin ayrılıb ayrılmayacağı da Nabukkonun taleyini həll edəcək məsələ deyil. Nabukkonun 250 milyon avrodan başqa daha ciddi problemləri var.

Sual: Söhbət nə kimi problemlərdən gedir? Hələ ilin əvvəlində çoxları hesab edirdi ki, Ukrayna ilə Rusiya arasında bəyanatlar mübadiləsinin aparıldığı bir vaxtda Qafqazla əlaqəli olan enerji layihələri meydanda önə çıxacaq…

Cavab: Layihənin qarşısındakı əsas problemlər texniki, iqtisadi və geosiyasi səbəblərdir. Çünki bu layihə ortaya çıxandan bəri onun mənbəyi qismində 4 əsas ölkə qaz ölkəsi düşünülürdü. Bunlardan əsası Azərbaycan, digərləri İran, İraq və Misirdir. Lakin illər ötdükcə - 2005-dən bu günə həm xərclər artır, həm də yuxarıda adlarını çəkdiyim ölkələrlə bağlı istər texniki-iqtisadi, istərsə də geosiyasi problemlər ortaya çıxır. Azərbaycan bu qazı Nabukkoya verəcək, ya verməyəcək, verəcəksə onun həcmi nə qədər olacaq? Bakı ilə Ankara arasında qiymət məsələsində də problemlər var. Türkiyə tərəfi transit haqqı olaraq onun payında əlavə ödəmə ayrılmasını istəyir. Beləliklə Azərbaycanla Türkiyə arasında aparılan qiymət danışıqları məsələnin bir tərəfidir. Öz növbəsində Türkiyə də Avropa Birliyi ilə də anlaşmazlıqlarını həll edə bilməyib və bu da digər debatların mövzusudur. Konkret olaraq Azərbaycan qazının bu kəmərə qoşulması baxımından qiymət, transit və miqdar problemi var.

Sual: Yeri gəlmişkən, Avropa Birliyi İranın da gələcəkdə Nabukkoda iştirakında marağını ifadə edib. Bu, nə qədər real görünür?

Cavab: İranın potensial mənbə kimi rolundan danışdıqda, başqa problemlər ortaya çıxır. İran sanksiyalar altındadır və Amerika siyasəti də bu ölkəyə qarşıdır. Birləçşmiş Ştatlar İranın neft-qaz sektoruna hər hansı investisiyalar qoyulmasını əngəlləyir. Əgər hansısa Qərb şirkəti buna cəhd etsə, ABŞ administrasiyası tərəfindən cəzalandırılacaq. Lakin, bu ölkəyə yatırım qoymadan, qaz almaq mümkün deyil.

Sual: Bəs İraq və Misir qazı Nabukko üçün nə dərəcədə yetərli olacaq?

Cavab: İraqa gəldikdə, bu regionda sabitlik yoxdur. Baxmayaraq ki, ABŞ qüvvələri regionda sabitliyi təmin etməyə çalışırlar. Beləliklə də, Nabukkonun reallaşması üçün əsl problemlər yuxarıda adlarını çəkdiklərimdir. Lakin ötən həftə biz Ankarada Nabukko rəhbərləri ilə birlikdə bu layihənin gələcəyinə dair müzakirələr açdıq. Nabukkonun bütün şərikləri – Türkiyə, Macarıstan, Bolqarısatan, Rumıniya və digərləri - hamısı layihənin reallaşması istiqamətində istəklərini ortaya qoydular. Beləliklə, siyasi iradə var. Lakin bizim bir çox problemlərimiz hələ də açıq qalır. Üstəlik, qlobal böhran səbəbindən bu layihənin əsl qiyməti olan 7,9 milyardlıq vəsaitin haradan tapılacağı da bəlli deyil.

XS
SM
MD
LG