Accessibility links

Forbes jurnalı Azərbaycanı ən çox korrupsiyalaşmış ölkələrdən biri elan etdi


ABŞ-ın nüfuzlu Forbes jurnalı dünyada ən çox korrupsiyaya uğramış ölkələrin reytinqini tərtib edib. Jurnal Azərbaycanın adını ilk onluqda 5-ci sırada göstərir.

Bu reytinqi müəyyənləşdirənlər korrupsiya riskinin yüksək olduğu ölkələrdə xarici yardımların da dolayı yollarla mənimsənməsi ehtimalından narahatdırlar.

Forbesin cədvəlində Azərbaycanın qonşuları Zimbabve, Kamboca, Qırğızıstan kimi dövlətlərdir.

Dünyanın ən çox korrupsiyaya uğramış ölkəsi isə Çaddır. Onluqda yer tutan digər ölkələr arasında Venesuela və Ekvadorun da adları çəkilir.

Azərbaycan nüfuzlu Transparency İnternationalın siyahılarında da korrupsiyalaşmış ölkələr arasında Yeni Qvineya, Toqo, Burundi kimi Afrika dövlətləri ilə qonşuluğu bölüşür.

Beynəlxalq təşkilatlar dəfələrlə ölkədə korrupsiya ilə mübarizə sahəsində aparılan işlərin hələ qənaətbəxş olmadığını qeyd ediblər.

Hərçənd, Bakıdakı ”Korrupsiyaya Qarşı Mübarizə“ İctimai Birliyinin sədri Mehriban Abdullayeva belə tənqidlərlə razılaşmır. Xanım Abdullayeva Forbesin reytinqi ilə əlaqədar Amerikanın səsinə bunları deyib:

“Azərbaycanda o səviyyədə korrupsiya yoxdur. Xırda qanun pozuntuları var, amma əgər Kambocada, Koreyada korrupsiya baş alıb gedirsə, bunun Azərbaycana nə dəxli var? Neft gəlirləri Azərbaycan üçün yüksəldici bir göstərici olsa da, enerji və kənd təsərrüfatı sektoru paralel şəkildə inkişaf edir. Ona görə də yüksək səviddəyə korrupsiyanın qeyd olunması barədə fikirlər reallıqla ziddiyyət təşkil edir. Biz bunun tamamilə əleyhinəyik. Azərbaycan üçüncü dünya ölkəsi deyil ki, orada korrupsiya ən yüksək həddə olsun”.

Bir sıra ekspertlər isə hesab edirlər ki, əksər inkişaf etməkdə olan ölkələr kimi, Azərbaycanda da korrupsiya ilə mübarizə sahəsində islahatlar ölkə daxili və xarici amillərin təzyiqi altında aparılır.

Elə Forbesin reytinqləri, habelə Transpernacy İnternationalın siyahıları da xaricdən göstərilən təzyiqlərin bir nümunəsidir.

Lakin korrupsiyanın ölçüsünü müəyyənləşdirən hesablama indeksləri Azərbaycan barədə ildən ilə mənfi cəhətləri ortaya qoyur. Məsələn, ötən il ölkənin indeksi 10 ballıq şkalada 2,4 olub.

Ekspertlərə görə, bu o deməkdir ki, Azərbaycan korrupsiya ilə bağlı ciddi problemlər yaşayır. Xüsusilə də iqtisadi inkişafın yüksək olduğu, sürətli müasirləşmənin getdiyi bir ölkə üçün bu, ciddi təhlükədir.

Zöhrab İsmayılov Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəridir. O, Azərbaycanın adının korrupsiya sahəsində lider onluğa salınmasını obyektiv sayır.

“Bu gün Azərbaycanda elə sahə yoxdur ki, orada korrupsiyaya yol verilməsin. Hər addımda, hansısa bir işi görmək üçün, elementar bir arayış almaqdan tutmuş, ölkəyə idxal etmək üçün bütün instansiyalarda korrupsiya və rüşvət dözülməz vəziyyətdədir. Hazırda dövlət vəsaitlərinin və neft gəlirlərinin istifadəsi zamanı böyük korrupsiyaya yol verilir. İstisna deyil ki, burada xarici kreditlərin də mənimsənməsinə yol verilir”.

Son bir ildə Azərbaycanda korrupsiya ittihamıyla istintaqa cəlb olumuş polis, məktəb direktorları və ordu yetkililəri var.

Korrupsiya ekspertlərinə görə, bu halların özü də məhkəmə sisteminin sınaqdan çıxarılması istiqamətində yaxşı nümunədir.

Yəni bu məhkəmə proseslərinin nə qədər ədalətli və açıq keçirilməsi, beynəlxalq standartlara nə dərəcədə uyğun aparılmasının özü də korrupsiya ilə mübarizə sahəsində bir göstərici sayılır.

Lakin beynəlxalq təşkilatların korrupsiya ilə mübarizə sahəsində Azərbaycan hökumətinə əsas təklifləri bu işə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının da cəlb olunmasıdır.

XS
SM
MD
LG