Accessibility links

Zəfər Quliyev: ‘Azərbaycan ciddi geosiyasi seçim qarşısındadır’


Xəzərin zəngin qaz ehtiyatları uğrunda Qərblə Rusiya arasında aylardır ki, davam edən rəqabət artıq çoxdan iqtisadi maraqları aşaraq, siyasi müstəvidə qərarlaşıb.

İki gün bundan əvvəl Rusiyanın qaz holdinqi Azərbaycanın Dövlət Neft Şirkəti ilə qazın gələn ildən etibarən nəqlini nəzərdə tutan anlaşma memorandumunu imzalayıb.

Düzdür, iş hələ dialoq müstəvisindədir, ancaq Moskvanın nəhayət, Azərbaycan qazına yiyələnmək üçün, Bakıya ünvanladığı şirnikləşdirici və bəzən də təzyiq xarakterli təklifləri hər halda, Qərbin Xəzər qazı uğrunda xeyli vaxtdır ki göstərdiyi səylərin qarşısındakı ən böyük əngəl kimi qəbul olunur.

Amma Azərbaycanın indi təkcə siyasi təzyiqlə deyil, siaysi fürsətlə üzləşdiyini deyənlər də var.

Məsələn, politoloq Zəfər Quliyev düşünür ki, hazırda Rusiya və Qərb arasında enerji layihələrinə dominanatlıq uğrunda rəqabət o həddə çatıb ki, "Bakı müxtəlif təkliflər alır və bundan heç kəsi incitməyəcək formada bəhrələnməyə çalışır".

Ancaq cənab Quliyev deyir ki, böyük ölkələrin qaydasız rəqabəti fonunda belə bir siyasət uzun müddət duruş gətirə bilməz, nəticə etibarı ilə bu, Azərbaycanın ya Gürcüstanın timsalında qarşıdurma meydanınna çevrilməsinə, ya da bəzi Orta Asiya ölkələri kimi, Rusiyaya meyllənməsinə apara bilər.

Amerikanın səsinə müsahibəsində Zəfər Quliyev fikrini belə əsaslandırıb:

“Ötən ildən başlayaraq, Rusiya həm Azərbaycana, həm də Orta Asiya Respublikalarına həm iqtisadi təkliflərlə çıxış edir, həm də siyasi təzyiqlərini gücləndirib. Biz bilirik ki, Orta Asiya ölkələrinin bəziləri bu təzyiqlərə davam gətirməyərək, Rusiyanın maraqlarına uyğun sazişlər imzaladılar. İndi bu təkliflər Azərbaycana da ünvanlanıb. Həm Qazprom xətti ilə, həm də Rusiyanın siyasi dairələri vasitəsilə. Beləliklə, Azərbaycan indi doğrudan da ciddi seçim qarşısındadır. Ölkə Qərb inteqrasiya kursundan imtina edə bilmir, çünki bu yolu müstəqillik dövrünu başlayandan seçib. Eyni zamanda, Rusiyanın təzyiqləri Bakını çətin vəziyyətdə qoyub. Azərbaycan rəhbərliyinin bu təzyiqlərə davam gətirib-gətirməyəcəyini və eyni zamanda, Qərbin, o cümlədən ABŞ-ın Bakını müdafiə edib-etməyəcəyini yaxın günlərdə görəcəyik”.

Cənab Quliyev xatırladır ki, “Qazpromun” bütün Azərbaycan qazını satın almaq təklifi hələ ötən ilin sonunda bir qədər şişirdilmiş formada ortaya atılmışdı.

Amma o zaman Bakı rusların bu təklifinə konkret bir cavab vermədi. İndi güman olunur ki Kreml necə olur-olsun, gözlədiyi cavabı eşitmək istəyir.

Assoşieyted Press agentliyinin iki gün əvvl Moskvada imzalanmış memorandumla əlaqədar xəbərində qeyd olunur ki, Azərbaycan qazı Rusiyaya Bakının Xəzər sahilindən başlayaraq, Novo-Filya şəhərinə gedən 200 kilometrlik kəmər vasitəsilə aparılacaq.

Əslində, Azərbaycanın qaz ixracı imkanları böyük olmasa da, iqtisadi hesablamalara görə, "Qazprom" bu həcmləri özünə çəksə, bir neçə taktiki və strateji məsələlərin həllində irəliləyə bilər.

Bir tərəfdən "Qazprom", məsələn, mümkün "Cənub axın" qaz kəmərini nisbətən doldura və ölkənin cənubundakı daxili tələbatı təmin edə bilər.

Başqa tərəfdən strateji baxımdan Azərbaycan qazını almaqla MDB-dən qaz ixrac yollarına nəzarəti gücləndirə bilər.

İlkin rəylərə görə, "Qazprom" Azərbaycan qazını Mərkəzi Asiya qazından xeyli baha qiymətə ala bilər.

Ancaq Rusiya qəzetləri yazırlar ki, Moskva MDB məkanında qazı nisbətən ucuz almağa öyrəşib, Azərbaycan isə çox güman öz malını baha satmağa çalışacaq.

Bütün bunlarla bərabər işə dərindən yanaşdıqda "Qazpromun" digər mümkün maraqlarını da görmək olar.

İş burasındadır ki, "Mavi axınla" Türkiyəyə gedən kəmədrə də Rusiya qazı azlıq edir. İndi "Qazprom" habelə Azərbaycan qazını Bakı-Ərzurum xəttiylə birbaşa Türkiyəyə ötürə bilər.

Əlbəttə "Qazprom" açıq rəqiblərini Avropa bazarına buraxmağa bir elə istəməzdi.

Ancaq sirr deyil ki, Moskva özbək, qazax, yaxud Azərbaycan qazının hara getməsinə də nəzarət etmək istərdi.
Bu baxımdan Kreml indilik sırf iqtisadi mexanizmlərlə bu işə nail olmağa çalışır.

Hələlik isə "Qazprom" Bakıya təkliflərini ancaq ümumi göstərir. Vaxt, həcm, qiymət məsələri hələlik açılmır.

XS
SM
MD
LG