Accessibility links

NATO – 60 il əvvəl və indi


Amerikanın səsi radiosu NATO-nun 60 illiyi ərəfəsində Alyansın bacarıqlarına və onun qarşısındakı gələcək çağırışlara nəzər salır. Reportajı Ələkbər Raufoğlu təqdim edir.

60 il əvvəl NATO-nu təşkil edənlər, yəqin ki, Somali sahillərində piratlar ya da Əfqanıstan dağlarında yaraqlılarla döyüşmək barədə fikirləşmirdilər. Ancaq indi Alyans bu çağırışlarla üz-üzədir.

Hazırda NATO Komandanlığı altında Əfqanıstanda 60 minlik əsgəri qüvvə xidmət edir.

NATO-nun Brüsseldəki mənzil qərargahının sözçüsü Ceyms Appaturay deyir ki, Əfqanıstanda hərbi qüvvə məsələsi Alyansın 60 illik yubiley sammitinin gündəliyindəki əsas mövzulardan olacaq:

“Əfqanıstan açar elementlərdən biridir. Mən əminəm ki, Amerika prezidenti öz tərfdaşları ilə Əfqanıstanda strategiyamızı necə uyğunlaşdırmaq, resurlarımızı necə səfərbər etmək və digər məsələləri müzakirə etmək istəyir”.

NATO liderləri israrla Əfqanıstanda inkişafın əldə olunduğunu qeyd edirlər, ancaq eyni zamanda, daha çox iş görülməli olduğunu etiraf edirlər.

Somali sahilləri yaxınlığında isə NATO piratlara qarşı kiçik mühafizə donanması saxlayır.
Appaturay işarə edir ki, Afrika Birliyinin sülhməramlı qüvvələrini Somaliyə NATO uçaqları aparıb.

NATO 1949-cu ilin aprel ayında QərbiAvropa ölkələri, Kanada və ABŞ-ın iştirakı ilə yaradılmışdı.

Onun misiyası Sovetlər Birliyinin artmaqda olan təhdidlərinin eləcə də Moskvanın və ya onun Varşava Paktı daxilindəki müttəfiqlərinin mümkün hücumlarının qarşısını almaq idi.

Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təhlükəsizlik məsələləri üzrə eksperti Dana Allin deyir ki, NATO bu vəzifəni olduqca yaxşı şəkildə yerinə yetirdi.

"Aydındır ki, təşkilatın ən böyük uğuru onun daxilindəki həmreylik və nümayiş etdirdiyi güclə müharibəsiz Qərb düşərgəsini bir yerdə qoruyub saxlamasıdır”.

Lakin Sovetlər Birliyinin dağılmağından sonra NATO-nun yeni rolu barədə suallar yaranmaqla 1990-ci illərin əvvəlində baş verən proseslər alyansın ənənəvi müdafiə mövqenin dəyişməsinə ehtiyac olduğunu göstərirdi.

Həmin vaxtda Yuqostlaviyanın parçalanma prosesi vətəndaş müharibəsi, etnik təmizləmə və soyqırıma gətirib çıxardı. Sonra da Kosovo problemi baş verdi.

Dana Allin deyir ki, NATO və Qərb əvvəlcə bu məsələlərdə olduqca yavaş tərpəndilər. Ancaq Alyansın müdaxiləsi gec də olsa, effektiv idi.

NATO qüvvələri Kosovoda serblərin etnik albanlara qarşı qanlı aksiyalarına son qoya bildilər. Bu missiyadan sonra yeni əməliyyatlar həyata keçirildi və Avropada yeni strateji balans yarandı.

Sovetlər birliyinin dağılmasından sonra isə NATO Polşa və Baltik Respublikalarını sıralarına daxil etməklə, Rusiyanın sərhədlərinə doğru genişlənməyə başladı. Bu proses hələ də davam edir. Rusiya buna qarşı olsa da, NATO sözçüsü Appaturay Alyansın gələcəyə baxdığını deyir.

Bəs NATO qloballaşmalıdırmı?

NATO-nu ehtiyatlı olmağa çağıran təhlilçi Dana Allin deyir ki, bu Qərb alyansı bütün böhranlara cavab verə bilməz .

NATO-nun yaranmasının 60 illiyini qeyd etdiyi bir zamanda alyansa üzv 27 ölkə onun 21-ci əsrdəki rolunu müəyyənləşdirməyə çalışacaqlar.

XS
SM
MD
LG