Accessibility links

Sinan Oğan: ‘Kanadadan sonra Türkiyə Obamanın rəsmi səfər etdiyi ilk xarici ölkədir’


ABŞ prezidenti Barak Obama artıq Ankaradadır. Türkiyə Barak Obamanın Avropaya səfərinin son dayanacağıdır.

Cənab Obama hələ Praqada ikən Avropa Birliyini Türkiyəni sıralarına qəbul etməyə səsləyib.

O deyib ki, bu böyük müsəlman ölkəsinin birliyə qəbul olunması onun Avropaya inteqrasiya etməsi və möhkəmlənməsinə ciddi siqnal olacaq.

Fransa prezidenti Nikolya Sarkozi isə dərhal buna qarşı çıxıb,Türkiyənin Avropa yox, Asiyaya aid olduğunu deyib.

Belə görünür ki, Obamanı Türkiyədə ciddi danışıqlar gözləyir.

Ankaradan beynəlxalq məsələlər üzrə təhlilçi Sinan Oğan prezident Obamanın Türkiyəyə səfərinin gündəmini Amerikanın səsinə belə sadalayıb.

“Gündəm olduqca sıxdır. Ankarada prezident Obama ilə müzakirə olunacaq məsələlər sırasında başda Əfqanıstan olmaqla, Ermənistanla sərhəd məsələsi, İraqdan əsgərlərin çəkilməsi, Türkiyənin enerji siyasəti, Rusiya-Türkiyə münasibətləri də daxil edilməklə, bütün regional məsələlər diqqət mərkəzində saxlanılır”.

Sual: Həm Ankarada, həm də Vaşinqtonda bu səfərin iki ölkənin münasibətlərində yeni mərhələ açacağı barədə fikirlər yürüdülür. Nədir bu yeni mərhələ?

Cavab: Əgər biz Amerikanın yaxın qonşusu olan Kanadanı nəzərə almasaq, Türkiyə Barak Obamanın prezident qismində rəsmi səfər etdiyi ilk xarici ölkədir. Amerika liderinin Ankaraya gələnə qədər Avropada gəzdiyi bütün ölkələrə beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi baxılır. Yəni bunlar rəsmi səfər sayılmır. Bu isə o deməkdir ki, əgər Türkiyə Obamanın seçki kompaniyasında onun xarici siyasət platformasında o qədər də önəmli yerdə deyildisə, indi artıq ABŞ diplomatiyasının qarşısında ən önəmli siyahıda yer alıb.

Sual: Elə bu gün Barak Obama Avropa Birliyini Türkiyəni öz sıralarına qəbul etməyə çağırıb. Ankaraya gedişi ərəfəsində ABŞ prezidentinin belə bir bəyanat səsləndirməsi Türkiyə üçün nə deməkdir?

Cavab: Bu, Türkiyə üçün olduqca önəmlidir. Digər tərəfdən, belə bir bəyanat səsləndirməsi Obamanın Türkiyədəki görüşlərində mövqeyini möhkəmləndirəcək. Əvvəlki ABŞ prezidentlərindən fərqli olaraq, Obama bizim qarşımıza sözünə əməl edən bir lider qismində çıxır.

Sual: Obama başqa bir vəd də vermişdi. O, prezident kompaniyası dövründə ermənilərin soyqırım iddialarını tanıyacağını bəyan etmişdi. Türkiyədə ABŞ prezidentinin bu mövqeyi barədə nə deyirlər?

Cavab: Biz ABŞ-ın hələ də bu mövqeyində qaldığını güman edirik. Vaşinqtonun bu mövqeyindən çəkilə bilməsi üçün Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Beləliklə də, qarşımızda bir dilemma var: ya Ermənistanla sərhədləri açacağıq, ya da Obama verdiyi vədini yerinə yetirəcək.

XS
SM
MD
LG