Accessibility links

Dəyirmi Masa: Türkiyə-Azərbaycan münasibətləri


Bitməkdə olan həftə bir sıra hadisələrlə zəngin oldu. ABŞ Prezidenti Barak Obama Türkiyəyə tarixi səfər etdi. Səfər əsnasında o, Türkiyə parlamentində çıxış etdi və ictimaiyyətlə görüşlər keçirdi. Eyni zamanda Türkiyənin Ermənistanla sərhədləri açacağı haqda dolaşan xəbərlər Azərbaycanla Türkiyə arasında gərginlik yaratdı. Azərbaycan prezidenti İlham Əliyev əvvəl planlaşdırıldığı kimi İstanbula getməkdən imtina etdi. Rəsmi Bakı Türkiyə-Ermənistan sərhədləriin açılmasına sərt münasibət sərgilədi. Bu son olayları müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan və politoloq Rasim Musabəylini dəvət etdik.

Türkiyənin Azərbaycanla müttəfiq münasibətlərini vurğulayan Sinan Oğan yaranamış gərginliyin tezliklə aradan qalxacağına ümidini izhar etdi. Cənab Oğanın fikrincə baş nazir Rəcəb Təyyib Ərdoğanın verdiyi son bəyanatda Türkiyənin Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı mövqeyi aydın edilir. Rəsmi Ankara inanır ki, Ermənistan zəbt olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmalı və yalnız Azərbaycanla münasibətləri normal məcraya gətirdikdən sonra Türkiyəı ilə əlaqələr inkişaf edə bilər. Sinan Oğan eləcə də türk ictimaiyyətində Ermənistanla sərhədlərin açılmasına müsbət münasibət göstərilmədiyini söylədi. Onun fikrincə Türkiyə-Azərbaycan ittifaqı mədəni-siyasi köklərə əsaslanır və xarici bir qüvvənin bu münasibətləri korlaması real görünmür.

Politoloq Rasim Musabəyli də Sinan Oğanın fikirlərini bölüşdüyünü söylədi. O, əlavə etdi ki, hazırda Türkiyə hökuməti ABŞ və başqa Qərb dövlətlərindən erməni soyqırmını tanımaqla bağlı təzyiqlərlə üzləşir. Cənab Musabəylinin rəyinə görə Türkiyənin bir sıra NATO əməliyyatlarında iştirak etməsinə baxmayaraq onun müttəfiq qismində səyləri lazımınca dəyərləndirilmir. Azərbaycanın Türkiyədən narazı qalmasını şərh edən Musabəyli yaxın müttəfiq kimi rəsmi Bakının Ankaradan gözləntilərinin böyük oldunu önə çəkdi. O, hesab etdiyini bildirdi ki, sərhədlərin açılması Dağlıq Qarbağ münaqişəsinin həllində bir o qədər effektiv olmayacaq.

XS
SM
MD
LG