Accessibility links

Rəcəb Tayyib Ərdoğan ‘sərhəd məsələsinə’ nöqtə qoydu


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərə dair yeni bəyanat verib.

Cənab Ərdoğan bildirib ki, əgər Ermənistanla Azərbaycan arasındakı sülh prosesi bir nəticə verməsə, Ankaranın Yerevanla yaxınlaşmasından söhbət gedə bilməz.

Türkiyə mətbuatının yazdığına görə, ölkəsinin Hatay vilayətində istirahətə çıxmış baş nazir jurnalistlərə açıqlamasında bunları deyib.

“Sağdan-soldan gələn xəbərlərə yox, Türkiyə baş nazirinin dediklərinə fikir verməlisiniz. Artıq neçə dəfə açıqlamışıq. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ mövzusunda razılıq əldə olunmayınca, biz Ermənistanla yekun anlaşma imzalamayacağıq. İlkin fəaliyyət apara bilərik, ancaq bu qəti olaraq, Dağlıq Qarabağ probleminin həllinə bağlıdır”.

Baş nazirin sözlərinə görə, hal-hazırda əgər aşağı səviyyədə bəzi texniki danışıqlar aparılırsa, bu danışıqların səbəbi - Azərbaycan və Ermənistan arasındakı prosesi bir qədər qabaqlamaq üçün hazırlıq aparmaqdır.

Cənab Ərdoğan münaqişənin indiyə qədər həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun səylərinin nəticə verməməsini təəssüflə qeyd edib.

“Əvvəllər də demişəm. Futbol matçının sərhədlərin açılması ilə yaxın və ya uzaq heç bir əlaqəsi yoxdur. Prezidentimizin Yerevanda futbol oyununu izləməyə getməsi sərhədin açılması mənasına gəlmir. Heç bir bəyanat mənim və prezidentin fikrini dəyişə bilməz. Türkiyə Cümhuriyyətini təmsil edən hökumətin başçısı olan baş nazir belə bir şeyin olmayacağını deyir. Vəssalam”.

Ərdoğan ABŞ-ı da sülh nizamlanmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

Baş nazir deyib ki, əgər Bakı ilə Yerevan arasında bir irəliləyiş əldə olunsa, Türkiyə tərəfi mövzini parlament səviyyəsində müzakirəyə çıxaracaq.

XS
SM
MD
LG