Beynəlxalq Böhran Qrupunun son hesabatında Türkiyə və Ermənistan əlaqələrin normallaşdırılması üçün bütün imkanlardan istifadə etməyə çağırılır. Sənəddə deyilir ki, tərəflər ortaq tarixlərinə yenidən nəzər salmalı, sərhədlərinin açılmasına çalışmalıdır. Türkiyə-Ermənistan-Açıq Fikirlər, Açıq Sərhədlər adlı hesabatda Beynəlxalq Böhran qrupu hökumətlər arasında rəsmi təmas yaradılması üçün tərəfləri vətəndaş cəmiyyətləri və ziyalıların qoyduğu tarixi təməllərin nəzərdən keçirilməsinə səsləyir.
Türklər və ermənilərin tarixi faktlara yanaşması ağır travmaların sağala bilməsinə işarədir-deyə sənəddə qeyd edilir. Beynəlxalq Böhran Qrupunun hesabatında bildirilir ki, hazırki həssas məqamda üçüncü tərəflər genosidin tanınmasına çağıran bəyanatlarla çıxış etməməlidir. Digər, lakin məsələ ilə əlaqələndirilən Dağlıq Qarabağ münaqişəsi Türkiyə-Ermənistan münasibətlərində yekun razılaşmaya mane olur. Belə ki, Azərbaycan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyincə, Ermənistanla sərhədlərin açılmasının əleyhinədir.
Sənəddə deyilir ki, Türkiyə irəliyə doğru inkişafdan imtina etməməli, müttəfiqi Azərbaycanı Ermənistanın bu mövqeyinin 15 illik münaqişəninhəllinə yardım edəcəyinə razı salmalıdır. Beynəlxalq Böhran Qrupunun hesabatında bildirilir ki, Ermənistanla Azərbaycan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini qəbul etməli, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Ermənistan və Türkiyə razılaşmaya yekun vurmalı, Cənubi Qazfazda sülh və əmkdaşlığa təkan verməlidir-deyə hesabatda bildirilir. ABŞ, Avropa Birliyi, Rusiya və digər xarici qüvvələr Türkiyə-Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ sülh prosesinin sürətləndirilməsini öz maraqlarına uyğun hesab etməlidir.