Accessibility links

Kipr türklərinin prezidenti Mehmet Əli Tələtin köməkçisi Amerikanın Səsinə müsahibə verdi


Kipr türklərinin dünən keçirdiyi parlament seçkiləri zamanı səslərin böyük hissəsini sağçı qüvvələr - sabiq baş nazir Dərviş Əroğlunun başçılıq etdiyi Milli Birlik Partiyası qazanıb.

Şərhçilər hesab edir ki, əgər hökumətdə dəyişiklik olsa, adanın birləşdirilməsiylə bağlı danışıqlarda sərt mövqe tutmaq üçün hazırkı prezident Mehmet Əli Tələtə təzyiqlər artacaq. Amerikanın səsinin əməkdaşı Ələkbər Raufoğlu az əvvəl cənab Tələtin köməkçisi Özdil Nami ilə söhbət aparıb.

Sual: Bir sıra Qərb ekspertləri Kipr adasında keçirilmiş son seçkilərdə Avropa Birliyini tənqid edən qüvvələrin hakim partiyaya üstün gəlməsini türklərin gələcəkdə Avropa ilə bağlı siyasətinə dəyişiklik gətirəcəyini ehtimal edirlər. Sizin proqnozunuz necədir?

Cavab: Əlbəttə, bu nəticə Avropa Birliyinə yönəlik siyasi kursu dəstəkləyən hökumət üçün bir zərbə oldu. Ancaq bunun səbəblərinə də fikir vermək lazımdır. Əsas səbəb Avropadır. Birlik Kipr türklərinin blokadasına son qoymağı vəd etmişdi, ancaq vədini yerinə yetirmədi. Bu da öz növbəsində, Kipr türklərində böyük xəyal qırıqlığı, məyusluq yaratdı. Bundan sonra fərqli bir baxışa malik yeni hökumətin Avropa Birliyi ilə bağlı siyasəti necə yönəldəcəyini görmək üçün gözləmək lazımdır. Bizim möveyimiz belədir ki, Avropa Birliyinə yönəlik siyasi kurs davam etməlidir. Əlbəttə ki, yeni hökumətlə də münasibətləri formalaşdırmaq lazımdır.

Sual: Prezident Mehmet Əli Tələt bu yaxınlarda Vaşinqtona gəlmişdi. Bu səfər beynəlxalq dairələrdə o baxımdan maraq doğurdu ki, Lefkoşa rəsmiləri ABŞ rəhbərliyi ilə birbaşa təmaslar qururdular. Sizcə, seçkilərin nəticəsi cənab Tələtin bu yöndə siyasi kursunu zəiflədəcək, yoxsa, əksinə möhkəmlədəcək?

Cavab: Təbii ki, prezident öz mandatını xalqdan aldığı üçün, öz missiyasını davam etdirəcək. Biz bu məsələlərdə hər hansı problemin olmayacağına ümid edirik. Yeni seçilən baş nazir də prezidenti bu məsələlərdə dəstəkləyəcəyini bəyan edir.

Sual: Bəs adanın birləşməsi ilə bağlı müzakirələrdə hər hansı dəyişiklik gözləmək olarmı?

Cavab: Bu məsələdə də əsas səlahiyyətlər prezidentdədir. Yeni hökumət başçısı prezidentə dəstəyini bəyan edib. Hər halda, ortada illərdir ki, davam edən və oturuşmuş dialoq, prinsiplər mövcuddur. Bunlar dövlət siyasətidir. Dəyişən hökumətlərlə dövlət siyasətini dəyişmək olmaz.

Sual:
Ancaq görünən budur ki, cənab Tələtin partiyası bu dəfəki seçkilərdə daha çox səs itkisinə uğradı. Prezidentin öz reputasiyasını belə deyək, xilas etməsi üçün ölkə daxilində bundan sonra hansı dəyişikliklər gözlənilir?

Cavab:
Əslində seçkilərin nəticəsi prezidentin reputasiyası ilə əlaqədar hər hansı narahatlıq yaratmır. Bayaq dediyim kimi, bu, Avropa Birliyinin verdiyi vədləri yerinə yetirməməsi və eləcə də qlobal iqtisadi böhranın təsirləri ilə əlaqədardır. Beləliklə də, xalqda müəyyən bir məyusluq var və o öz məyusluğunu Avropaya bir yolla çatdırmaq istədi. Onu da bu şəkildə etdi…



XS
SM
MD
LG