Accessibility links

Mehman Əliyev: ‘Tezliklə Azərbaycanda real dəyişikliklər olacaq'


Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Avropa Birliyi ilə münasibətlərini müzakirə etrmək üçün Brüsseldədir.

Cənab Əliyev bu gün Avropa Komissiyasının rəhbər şəxsləri tərəfindən qəbul edilib.

Ötən ilin dekabrında Brüsseldə Şərq Partnyorluğu proqramı elan ediləndə, Avropa rəsmiləri bunu İttifaq və onun şərq qonşuları arasındakı münasibətlərdə ambisiyalı, yeni səhifə kimi təqdim edirdilər.

Komissiyanın yeni təklifinin əslində, Avropanın Azərbaycan da daxil olmaqla, 6 ölkə ilə əlaqələrində yeni mərhələ olacağı deyilirdi.

İndi isə Avropa Birliyinin liderləri Azərbaycan prezidentini Brüsselə dəvət ediblər ki, onunla münasibətlərin yeni çərçivəsini müəyyənləşdirsinlər.

Bu gün İlham Əliyevlə görüşdən sonra Avropa Komissiyasının sədri Xose Manuel Barrosso deyib ki, o cənab Əliyevlə demokratiya məsələsi ilə bağlı açıq söhbət aparıb və Avropa bu sahədə real inkişaf görmək istərdi.

Müstəqil ekspertlər isə diqqəti ona yönəldirlər ki, Azərbaycanla partnyorluq siyasi dialoqun əhəmiyyətli dərəcədə yuxarı səviyyəyə qaldırılmasını nəzərdə tutur, ancaq islahatlar əsas şərtdir.

Bakıdakı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, həqiqətən də, Avropa Birliyi Azərbaycanı özünə mühüm tərəfdaş kimi görür.

Bu ölkə Avropanın enerji təhlükəsizliyinin təminatında getdikcə artan rol oynamaqdadır.

Ancaq Mehman Əliyev deyir ki, Şərq Tərəfdaşlığı Avropanın 3 ildir ki, Azərbaycanla həyata keçirdiyi qonşuluq siyasətindən kənarda qalan və yerli hökumətin o qədər də xoşlamadığı məqsədləri də birləşdirir.

Belə ki, Bakı əvvəlki layihədə yalnız nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərini əsas götürürdü, demokratiya və insan haqları isə demək olar ki, kənarda qalmışdı. Qarşılıqlı əməkdaşlıq nəticəsində hazırda Avropa -Azərbaycan ticarət əməkdaşlığı əhəmiyyətli dərəcədə artıb.

Ancaq media və demokratiya sahəsində problemlər hələ də qalmaqdadır. Şərq partnyorluğu isə yeni məqsədlərə daha çox üstünlük verir.

Amerikanın səsinə müsahibəsində Mehman Əliyev deyir ki, indi görünür, iki tərəf arasında sözügedən məqsədlərin də uzlaşdırılması sahəsində müəyyən anlaşma var. Biz Mehman Əliyevdən bu məramların icrasının nə qədər real göründüyünü soruşduq.

“Biz gözləməliyik ki, bu proqram imzalanandan sonra Azərbaycan hökümətilə Avropa Birliyi arasında bu məsələlər üzrə daha çox iş getsin. Məncə bu, belə də olacaq. Dəyişikliklər tezliklə, özü də təkcə iqtisadi sahədə yox, o cümlədən, demokratik və siyasi sahədə baş verəcək. Mən bunu gözləyirəm”, - deyə Turan İA-nın direktoru vurğulayıb.

Ekspert hesab edir ki, prezident Əliyevin Brüsselə səfəri görünür, qarşılıqlı anlaşmanın əlamətidir.

“Artıq o vaxt çatıb ki, tərəflər görüşüb yüksək səviyyədə təsdiq edirlər ki, bu proqram Avropa Birliyinin istədiyi formada qəbul olunacaq və inkişaf edəcək”.

Mehman Əliyev onu da deyib ki, bu öhdəliklər kağızda olan öhdəliklər deyil, real dəyişikliklər tezliklə baş verəcək.


XS
SM
MD
LG