Accessibility links

Qeybulla Ramazanoğlu: ‘Rəcəb Tayyib Ərdoğan ən yaxın günlərdə Bakıya gedə bilər’


Türkiyənin Ermənistanla əlaqələri normalaşdırmağa çalışması Azərbaycanda bir çoxlarının etirazına yol açsa da, ölkə rəhbərliyi məsələyə kifayət qədər həssas yanaşması ilə seçilirdi.

Azərbaycan rəsmiləri bu mövzuda hər hansı bəyanat verərkən, daha çox ehtiyatlı ifadələrlə, prosesi kənardan müşahidə etdiklərini göstərməyə çalışırdılar.

Ancaq Azərbaycan prezidenti İlham Əliyev dünən Brüsselə səfəri əsnasında Ankara-Yerevan təmaslarına dair mövqeyini açıq şəkildə ortaya qoymaqla, sükutu pozdu.

İlham Əliyev Türkiyə hökumətinə belə bir sual ünvanlayır ki, Dağlıq Qarbağ probleminin həlli Türkiyə-Ermənistan yaxınlaşmasından ayrı tutulur ya yox?

“Bu, sadə bir cavaba ehtiyacı olan sadə bir sualdır” – deyə prezident bildirib.

Ötən həftə isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gül Azərbaycan ictimaiyyətini Türkiyə-Ermənistan münasibətlərinə dair kənardan səslənən bəyanatlara yox, məhz Türkiyə rəhbərlərinin dediklərinə qulaq verməyə çağırmışdılar.

Hər iki lider dönə-dönə Azərbaycan torpaqları azad olunmamış, Ankaranın Ermənistanla sərhədləri açmayacağını vurğulayıb.

Ancaq bunun ardınca Türkiyə və Ermənistan xarici siyasət idarələrinin iki ölkənin münasibətinə dair Yol Xəritəsi planını açıqlaması Azərbaycanda yeni ziddiyyətlər doğurdu.

Əliyev Brüsseldə işarə edib ki, bu plan barədə ayrı-ayrı mənbələrdən ziddiyyətli məlumatlar gəlir, bəzi mənbələr «yol xəritəsi»ndə əvvəlcədən şərt qoyulmadığını, bəziləri isə onun şərtsiz olmadığını bildirir.

Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoğlu isə Amerikanın səsinə müsahibəsində Yol Xəritəsi planı ilə bağlı ziddiyyətləri onunla əsaslandırır ki, “bu plan tam deyil və ona görə də ona Yol Xəritəsi adı” verilib.

O ki qaldı Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan danışıqlarından ayrı tutulub-tutulmamasına, cənab Ramazanoğlu deyir ki, bu, Ankara-Yerevan dialoqunda həlledici olmasa da, Türkiyənin Azərbaycanla münasibətləri baxımından həlledicidir.

Biz cənab Ramazanoğludan prezident Əliyevin Brüsseldən Aknaraya ünvanladığı suala cavab olub-olmadığını soruşduq:

“Əslində bu sualın cavabı var. Sual cavabsız deyil. Türkiyə Ermənistan danışıqları ortalığa tam şəkildə qoyulmayıb və ona görə bu, Yol Xəritəsi adlanır. Belə ki, danışıqların nəticəsində bəzi dəyişikliklər ola bilər. Amma indiki mərhələdə həm Dağlıq Qarabağ problemi, həm də Ermənistanın Türkiyə ilə bağlı digər problemləri də müzakirə olunub”.

Cənab Ramazanoğlu hesab edir ki, hazırda Bakı ilə Ankara arasında yaranmış suallar qarşılıqlı məlumatsızlıqla əlaqədardır.

Belə ki, bəzi məsələlər iki ölkə rəhbərləri səviyyəsində müzakirə olunmalıdır.

Amerikanın səsinə müsahibəsində Türkiyə baş nazirinin müşaviri habelə problemin həlli üçün baş nazir Rəcəb Tayyib Ərdoğanın ən yaxın günlərdə Bakıya səfər edəcəyini istisna etməyib.

XS
SM
MD
LG