Accessibility links

Əhməd Davudoğlu Bakıya rəsmi səfərə hazırlaşlır


Yenicə Türkiyənin Xarici siyasət idarəsinə rəhbər təyin olunmuş Əhməd Davudoğlu gələn həftə Azərbaycana nazir qismində ilk rəsmi səfər edəcəyini açıqlayıb.

Bu gün Dəməşqdə İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin yığıncağı çərçivəsində jurnalistlərlə görüşən Türkiyənin baş diplomatı Azərbaycan rəhbərliyi ilə Bakı-Ankara münasibətlərini və Qarabağ problemini müzakirə etmək niyyətində olduğunu deyib. O, elə Dəməşqdən birbaşa Bakıya yollanacağını da vurğulayıb.

Türkiyə və Azərbaycan ən yaxın müttəfiqlər hesab edildiyindən, son zamanlar Bakıda Ankara-Yerevan yaxınlaşmasına münasibət birmənalı deyildi. Bu isə iki ölkə arasında əlaqələrin müəyyən qədər gərilməsinə səbəb olmuşdu.

Lakin bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan Azərbaycana uğurlu səfər edərək, bu gərginliyin aradan qalxmasına nail ola bilib. Cənab Ərdoğan ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə həssas yanaşdığını, bu mənada hər-hansı şübhə və dedi-qoduya əsas olmadığını da vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanla görüşdən sonra, Türkiyə-Ermənistan danışıqlarınıa dair iki ölkə arasında son zamanlar yaranmış müəyyən suallara tam cavab aldığını söyləyib.

Ərdoğanın Bakı səfərində onu müşayiət edən nazirlər arasında Əhməd Davudoğlu da var idi. Ancaq belə görünür ki, Türkiyənin baş diplomatı qısa fasilədən sonra yenidən Bakıya səfər etmək zərurəti hiss edib.

Azərbaycan Xarici İşlər Nazriliyinin sözçüsü Elxan Poluxov cənab Davudoğlunun Bakı təmaslarının gündəliyini Amerikanın Səsinə açıqlayıb:

“Qarşıda ikitərəfli əməkdaşlığın mühüm istiqamətləri durur. İki ölkə bir-birinə yaxın olduğundan, əlaqələri birlikdə müzakirə etməklə irəli aparmaq təcrübəsi mövcuddur. Davudoğlu ilə müzakirə olunacaq məsələlər sırasına gündəlik həyatımızın ən müxtəlif istiqamətləri daxildir. Konkret olaraq, enerji sahəsində həm mövcud layihələr, həm də perspektiv planlara nəzər salınacaq. Danışıqlarda Qarabağ problemi də hər zamanki kimi, xırdalanacaq. Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə, bu mövzu Türkiyə baş naziri cənab Ərdoğanın bu yaxınlarda Bakıya səfəri zamanı səsləndirdiyi bəyanatlarla qapanıb”, - deyə Elxan Poluxov vurğulayıb.

Ankaradan Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Cəlaləddin Yavuz isə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinə dair mövzu tam qapanmayıb. Cənab Yavuz Amerikanın Səsinə bunları deyib:

“Sözsüz ki, baş nazir Ərdoğan Azərbaycana gec də olsa səfər etməklə, bu məsələyə dair mövqeyini son olaraq ortaya qoydu və indi Azərbaycanda Türkiyənin niyyətlərinə dair hər hansı şübhə olmamalıdır. Ancaq Ermənistanla danışıqlar dayanmayıb, müzakirələr davam edir. Türkiyə əvvəllər də bəyan etdiyi kimi, Yerevanla təmaslarını Qarabağ nizamlamasına uyğunlaşdırmalıdır. Bu baxımdan hər iki tərəf arasında dialoqlara mütəmadi olaraq ehtiyac yaranır”.

Cənab Yavuz sonda onu da deyib ki, çox güman ki, Türkiyənin baş diplomatı Bakıya qarşıdakı səfəri ilə Ankaranın Yerevanla dialoqların Qarabağ nizamlamasına uzlaşdırılacağı barədə Azərbaycana verdiyi vədi yeniləyəcək.


XS
SM
MD
LG