Accessibility links

ABŞ Mətbuatı: İranda prezidentliyə namizədlərin şansları


Ağır iqtisadi durum və beynəlxalq təcridlə üzləşən İranda prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilmək şansları nisbətən zəif görünür. Lakin indiyədək heç bir prezident ikinci dönəm hakimiyyət uğrunda səsvermədə məğlub olmayıb. “Ekonomist” məcmuəsinin yazdığına görə ölkədaxili siyasi mənzərə və bir sıra faktorlar diktə edir ki, bəzi çətinliklərə baxmayaraq sonda qalib yenə də Mahmud Əhmədinejad olacaq.

Cənab Əhmədinejaddan narazı olan seçicilərin bir qismi yəqin ki, sabiq baş nazir və islahatçı Mir Hüseyn Musəviyə üz tutacaq. Bu namizəd həmçinin mühafizəkarlarla da rezonans doğurur. İqtisadi vəziyyətdən narahat olanlar xatırlayir ki, 1980-88-ci illər İran-İraq müharibəsi zamanı ölkəyə baş nazirlik etmiş Musəvi səriştəli menecer idi. Bundan əlavə Musəvi keçmiş islahatçı prezident Məhəmməd Xatəminin məsləhətçisi, habelə İslam Respublikasının banisi Ruhulla Xomeyninin ən sevimli kadrlarından biri olub.

Lakin Mahmud Əhmədniejad da bacarıqlı kampaniya aparır. Deyilənlərə görə o, seçicilərin rəğbətini qazanmaq üçün onlara 400 min ton kartof paylayıb. O, rəqiblərinə də sərt tənqid atəşinə tutulması ilə bağlı xəbərdarlıq edib.

Nəticəni qeydiyyatdan keçmiş 46 milyon seçicidən nə qədəriunin seçkilərdə iştirakı müəyyən edəcək. Əhmədinjead yəqin ki, 13 milyon səs toplayacağına arxayın ola bilər. Yerdə qalan seçicilər arasında fəallığın aşağı olması isə Əhmədniejadın rəqibi üçün zərərli ola bilər. Əgər səsverməyə 30 milyon adam qatılarsa bu Musəvi üçün yaxşı xəbər ola bilər. Lakin ortada başqa güclü faktor – İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei var ki, o, seçiciləri Qərbpərəst namizədə səs verməməyə çağırıb. Beləliklə, ən yaxşı halda islahatçı Musəvi prezident Əhmədniejadla ikinci raund seçkilərdə üz-üzə gəlməyə ümid edə bilər.

“Washington Post” qəzetinin yazarı Deyvid İqnatius isə daha nikbin əhvaldadır. “Havada Dəyişiklik” adlı yazıda müəllif İrandakı seçki ab-havasını ötən il Amerikada cərəyan edən seçki atmosferinə bənzədir. Çinin Şinhua xəbər agentliyi son rəy sorğularının Müsəvinin 10 əsas İran şəhərində 38-34 faiz nisbətində irəlidə getdiyini göstərir. İranın dövlət telekanalı IRIB-nin Tehranda apardığı rəy sorğusu isə Musəvinin 47-43 faiz nisbətində öndə olduğunu xəbər verir. Deyvid İqnatius xəbərdarlıq edir ki, bir sıra məsələlərdə Musəvi İranın hakim siyasi elitası ilə eyni mövqeləri bölüşür. Yaddan çıxarmaq olmaz ki, nüvə proqramı məsələsində hakimiyyətin mövqeyini müdafiə edən Mir Hüseyn Musəvi İslam inqilabının banilərindən biridir. Bununla belə o, İranın urban, təhsilli və daha geniş dünya görüşünə malik olan zümrəsini təmsil edir, güman edilir ki, onun quracağı koalisiyon hökumət mərkəz təmayüllü olacaq. Deyvid İqnatiusun fikrincə ən başlıca məsələ isə İranda namizədlərin qızğın yarışdığı həqiqi seçkilərin keçirilməsidir ki, bu da həmin ölkədə demokratiya dalğasının gücünü nümayiş etdirir.

XS
SM
MD
LG