Barak Obamanın Qahirə Universitetindən dünya
müsəlmanlarına müraciəti müsəlman ölkəsi kimi Azərbaycanda da böyük
reaksiyalara səbəb olub. Ekspertlər əsasən bu çıxışı müsbət qiymətləndirirək
ABŞ-ın müsəlman dünyasına qarşı
siyasətində dəyişiklik etməsini alqışlayıblar. Respublikaçı
Alternativ İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədovun sözlərinə görə,
ABŞ-la müsəlman dünyası arasında bütün problemləri sadalayan və problemlərin
həllinə dair təkliflərini bildirən Barak Obamanın bu müraciəti həm dünyada, həm
də Azərbaycanda müsbət qarşılanır. Cənab Məmmədov ABŞ prezidentinin çıxış
zamanı təklif etdiyi Amerika ilə İslam dünyasının birbirinə olan münasibətinin
dəyişməsi məsələsinə diqqəti çəkib.
Barak Obamanın
bugünkü müraciətini ciddi bir addım adlandıran politoloq Vəfa Quluzadə ABŞ-ın
siyasətində belə dəyişikliyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə,
cənab Obama verdiyi vədləri əzmlə həyata keçirməyə başlasa, dünyada atmosfer
yaxşıya doğru dəyişəcək. Ekspert islam və xristian dünyalarının bir-birinə
qarşı münasibətinin dəyişməsini yalnız qarşılıqlı əməkdaşlıqda görür.
Vəfa Quluzadə hesab edir ki, kiçik
bir dövlət olmasına baxmayaraq, burada Azərbaycanın da böyük rolu ola bilər. O
hesab edir ki, hazırda tolerantlıq siyasəti aparan Azərbaycan Barak Obamanın bu
təşəbbüsünü dəstəkləyəcək. Ekspert İlqar Məmmədov isə Azərbaycanın bu
dəyişiklik siyasətində ciddi bir yer alacağına inanmır.
Müraciətin İranla bağlı hissəsinə
də toxunan İlqar Məmmədov deyir ki, hələ Obama ilə Tehran arasında yaxınlaşmadan
söhbət gedə bilməz. Ekspertin fikrincə ABŞ-İran münasibətlərində kəskinlik
qalmaqdadır.
Vəfa Quluzadə isə fərqli fikirdədir. Onun
sözlərinə görə, iran bugünə qədər Amerikadan yalnız hədə qorxu görsə də, Barak
Obama İranın sülhpərvər nüvə proqramına
malik olmasına etiraz etmədi. Bunun müsbət mesaj olduğunu bildirən ekspert
İranın cavabını belə şərh edir.
Vefa Quluzadə sabir prezident Corc Buşun vaxtında Amerikada islam dünyasına
qarşı ümumi münasibətin nisbətən mənfi olmasını irəli
sürür. Bunu qəbuledilməz adlandıran
ekspert bir milyardlıq kütləyə meydan oxumağın düzgün olmadığnı bildirir. Onun
sözlərinə görə, islam aləmi ilə münasibətləri normallaşdırmaqla Barak Obama ilk
növbədə Amerikaya xidmət edir.