Accessibility links

Son sorğunun nəticələrinə görə İranda əhalinin 54 faizi Mir Hüseyn Musəvini himayə edir


Təbrizdəki çıxışında etnik qrupların əsasqanunda göstərilən hüquqlarını bərpa edəcəyini bildirən Mir Hüseyn Musəvi artıq Əhmədinejadın ən güclü rəqibi hesab olunur və onun seçki kampaniyasının əsasını Əhmədinejadın siyasətlərinin tənqidi təşkil edir.

Çıxışlaırını dinləmək üçün minlərlə insanın toplaşdığı Musəvi ölkədə gənclərin hüquqlarına hörmət edilməsini önə çəkib. Onun kampaniyasında qadın hüquqlarının müdafiəsi ilə fəal iştirak edən xanımı Zəhra Rəhnəvardı isə bəziləri İranın Mişəl Obaması adlandırır.

Bu arada keçmiş prezident Rəfsəncani Əhmədinejadın Musəvi ilə debatda onun ailəsinə qarşı irəli sürdüyü karrupsiya ittihamlarını rədd edərək prezidenti tənqid edib. Cənab Rəfsəncani İranın dini lideri Ayətullah Xameneiyə yazdığı məktubda ittihamların əsassız olduğunu bilidirib.

Bu arada İranın prezidentliyə islahatçı namizədi Mehdi Kərrubi mötədillərin səslərini bölməmək məqsədilə öz namizədliyini geri götürməsi haqda çağırışları rədd edib. Cənab Kərrubi müxbirlərə yarışda qalacağını bəyan edib. Bir çox islahatçı onun mühafizəkar prezident Mahmud Əhmədinejadın başlıca rəqibi olan Mir Hüseyn Musəvinin xeyrinə öz namizədliyini geri götürməsini istəyir.

Cümə günü prezident seçkilərindən öncə bazarertəsi günü Tehranda prezident Mahmud Əhmədinejad və onun rəqibi Mir Hüseyn Musəvinin on minlərlə tərəfdarı nümayiş keçirib. Cənab Əhmədinejadın tərəfdarları İmam Ruhulla Xomeyni məscidində toplaşmış, keçmiş baş nazir Mir Hüseyn Musəvinin tərəfdarları isə küçələrdə yürüşlərdə iştirak ediblər. Küçə nümayişlərinin miqyası seçki günü seçici fəallığının yüksək olacağından xəbər verir.

XS
SM
MD
LG