Accessibility links

İranda etirazların xronologiyası


İran hökumətinin qadağalarına baxmayaraq, ölkədə seçkilərin rəsmi nəticələrinə etiraz edən islahatçı namizəd Mir Hüseyn Musəvinin on minlərlə tərəfdarı bu gün Tehran küçələrinə axışıblar.

Nümayiş İranın dini lideri Ayətullah Əli Xameneyinin seçkilərin saxtalaşdırılmasına dair Musəvinin iddialarının araşdırılmasına göstəriş verməsindən saatlar sonra baş tutub.

Rəsmilərin cümə günkü seçkilərdə prezident Əhmədinejadın qələbəsini elan etməsində sonra, o iki gündür ki, ölkədə etiraz və nümayişlərlə üz-üzə qalıb.

Nümayişlərin ikinci günündə daxili işlər naziri ictimai asayişi pozanlara qarşı qanun çərçivəsində tədbir görüləcəyini bəyan edib.

Cənab Əhmədinejad isə seçkilərin azad və ədalətli keçdiyini deyərək, etirazçıların tələblərini əhəmiyyətsiz qoyub.

Özünün internet saytında tərəfdarlarına müraciət edən Musəvi isə onları sakitliyə çağırıb.
Onun minlərlə tərəfdarı Facebook internet saytında islahatçı namizədin adına yaradılmış dəstək qrupuna mesajlar göndərməkdə davam edir.

Sayta İran ərazisində giriş qadağan edilsə də, bir çox iranlılar buna alternativ serverlər vasitəsilə nail ola bilirlər.

Nümayişlərdən göndərilən şəkillərdə polisin aksiya iştirakçılarına qarşı zor tətbiq etdiyini görmək olar. Bu səhnələrdən birində polis qan içində yerdə uzanmış bir gənci döyməkdə davam edir.

Hökumətin təzyiqlərinə etiraz edən gənclərin arasında “Azad ol, İran” adlı mahnı son vaxtlar xüsusi populyarlıq qazanmaqdadır. Bu gənclər öz etirazlarını habelə alternativ vasitələrlə internet saytlarında ifadə edirlər.

Məsələn, özünü Reza kimi təqdim edən bir gənc Musəvinin saytına yazır ki, son hadisələr İranda yeni inqilabın damğasını vurub və bu, qarşısıalınmazdır.

Rabina adlı bir gənc xanım isə Musəvinin tərəfdarlarına xitabən yazır ki, avtomobilinizin siqnalını işə salın və hökumət binalarının yanına mitinqlərə gəlin.

Təl Əvivdə yerləşən Meepas mərkəzinin İran üzrə analitiki Meir Cavedanfar deyir ki, kütləvi etirazlara baxmayaraq, İrandakı vəziyyətin hansı istiqamətə doğru inkişaf etdiyini müəyyənləşdirmək çətindir:

"Bu, 3 amildən asılıdır. Birincisi, nümayişlərə cəlb olunan insanlar hansı təbəqənin təmsilçiləridir və onlar nə qədər cəsarətlidirlər. İkincisi əgər bu nümayişlər başqa şəhərlərə yayılarsa, məncə daha çox şəhərləri və insanları bura cəlb etmək olar. Eləcə də üçüncüsü, bu aksiyaların davamlılığı. Məsələn nümayişlər 2 həftə davam etsə məncə dini lider ciddi vəziyyətlə qarşılacağaq. O vaxta qədər biz oturub nümyişləri izləməli və dini liderin nə deyəcəyini gözləməliyik”.

Yayılan məlumatlara görə, islahatçı siyasi liderlərin əksəriyyəti hazırda ev dustağı ediliblər. Buna baxmayaraq bəzi şərhçilər deyir ki, görünür hökumətin daxilində yaranmış müxalifət, fəallara və nümayişçilərə qarşı iri miqyaslı qanlı divan tutulmasının qarşısını alır.


XS
SM
MD
LG