Accessibility links

Tehranda polisin nümayişçilərə bugünkü hücumu barədə beynəlxalq mətbuatın yazdıqları


Şahidlərin dediyinə görə, bu gün Tehranda polis minlərlə nümayişçini dağıtmaq üçün su və gözyaşardığı qazdan istifadə edib.

Vaşinqton Post bugünkü toqquşmalarla bağlı Associated Pressin Tehrandakı müxbirləri Ali Əkbər Dareyni və Nasser Kəriminin geniş reportajını dərc edib.

Müəlliflərin dediyinə görə, bugünkü hadisələr 1979-ci ildə İslam İnqilabından bəri ölkədə baş verən ən ciddi qarşıdurmanın daha da kəskinləşməsinə gətirib çıxardıb.

Hadisə iştirakçılarının bildirdiyinə görə, təxminən 3 mindən artıq nümayişçi Tehranın İnqilab meydanında toplaşaraq, “Diktatora ölüm” və “Diktatorluğa son” şuarlarını səsləndiriblər. Polisin onlara cavabı isə gözyaşardıcı qaz, təzyiqli su və dəyənəklərlə olub.

Qəzet daha sonra yazır ki, toqquşmalar zamanı İslam inqilabının lideri Ayətullah Ruhullah Xomeyninin mavzoleyi yaxınlığında da partlayış baş verib. Bir nəfər həlak olub, ikisi yaralanıb.

Associated Pressə məlumat verən şahid deyib ki, bugünkü mitinqlərin qarşısını almaq məqsədilə küçələrə minlərlə polis və mülki asayiş keçikçiləri doldurulubmuş. Tehran universitetinin ətrafı və İnqilab meydanı habelə yanğınsöndürənlər və polis tərəfindən əvvəldən dövrəyə alınıb.

Müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarlarının idarə etdiyi internet saytının bildirdiyinə görə, cənab Musəvi bu gün müraciətlə çıxış etməyi planlaşdırırdı, ancaq küçə etirazlarının planlaşdırıldığı günorta saat 4-ə qədər müxalifət liderindən heç bir bəyanat almayıblar.

İslahatçılara yaxın bəzi veb saytlar isə insanları küçələri tutmağa çağırıblar.

Günün əvvəlində isə Tehranın vilayət polisinin rəisi Əhməd Reza Radan bəyan edib ki, polis qüvvələri etirazçıların nəzərdə tutulan hər hansı yığıncağının qarşısını alacaq.

Dövlət telekanalının ingilis dilli buraxılışında bildirilir ki, ölkənin ali milli təhlükəsizlik orqanı təhlükəsizlik qüvvələrinə vəziyyəti idarə etmək üçün göstəriş verib. Ancaq bu göstəriş barədə ətraflı məlumat yoxdur.

Hökumətin bəyanatında ötən həftə qələbəsi elan olunan prezident Əhmədinejada qaşı nümayişlərə son qoyulmasına çağırılır.

Bu nəticələri tanımayan müxalifət lideri Musəvi isə seçkilərin saxtalaşdırıldığını elan edib.

İranda bugünkü toqquşmalara öz səhifələrində yer ayıran Nyu York Times isə diqqəti ona yönəldir ki, bütün bunlar dini lider Ayətulla Əli Xameneyinin müxalifətə küçə etirazlarının davamına görə məsuliyyət daşıyacağı barədə xəbərdarlığından bir gün sonra baş verir.

Timesin müxbirləri Alan Kovell və Şaron Otterman yazırlar ki, dünənki çıxışında Xameneyi 12 iyun seçkilərində Mahmud Əhmədinejadın qələbəsini elan edib və müxalifəti hər hansı mübahisənin hüquqi yolla çözülməsinə çağırmışdı.

Bu gün isə İranın Milli Təklükəsizlik Şurası İLNA xəbər agentliyində və digər rəsmi mətbuatda Musəvini “qanunsuz mitinqləri cızığından çıxarmaqda“ ittiham edib.

“Regional analitiklər hesab edirlər ki, bir gün əvvəl nümayişlərə son qoymaq çağırışları ilə Ayətullah Xameneyi ölkədə özünün əhəmiyyətini və nüfuzunu təhlükədə qoyub”, - deyə Nyu York Timesin müxbirləri yazırlar.

XS
SM
MD
LG