Accessibility links

Vaşinqtonda Barak Obamanın Rusiyaya səfərinin regiondakı problemlərə mümkün təsirləri müzakirə olunur


Vaşinqtonda siyasi ekspertlər ABŞ prezidenti Barak Obamanın gələn ay Rusiyaya planlaşdırılan səfərinin regiondakı problemlərə mümkün təsir imkanlarını müzakirə edirlər.

Aparıcı Amerika ekspertləri hesab edirlər ki, prezident iyulun əvvəllərində nəzərdə tutulan səfər xeyli vaxtdır ki, bir-birindən uzaq düşən iki ölkənin münasibətlərini yumşalda bilər, bir şərtlə ki, Vaşinqton bəzi məsələlərdə əlini ehtiyatlı tutmalıdır.

Hudson Mərkəzində Obamanın Moskva missiyasına dair təşkil olunmuş müzakirələrdə German Marshall Fondunun nümayəndəsi, Buş Administrasiyasının son illərində ABŞ Dövlət Katibinin müavini olmuş David Kramer diqqəti Kreml rəsmilərinin səfəröncəsi davranışlarına yönəldir.

Cənab Kramer deyib ki, Moskva Obamanın səfəri ərəfəsində nə mübahisəli İran, nə Gürcüstan, nə də silahsızlanma kimi məsələlərdə Vaşinqtona güzəştli mövqe nümayiş etdirməyib, bu isə ABŞ-ın hər üç mövzuda səylərini sual altına qoyur.

Kramer bu ilin əvvəlinə qədər Dövlət Departamentində əsasən Avrasiya regionu üzrə, ABŞ-ın siyasətinə başçılıq edib, daha əvvəllər isə insan haqları, əmək və demokratiya məsələləri üzrə dövlət katibinin müavini olub.

O deyir ki, düzdür, yeni Amerika administrasiyası regional siyasətini əsasən Rusiya ilə əməkdaşlığı gücləndirmək kursu üzərində formalaşdırır, amma unutmaq olmaz ki, bu ölkə qonşularının ərazi bütövlüyü və təhlükəsizliyi kimi, universal haqlarını pozur, öz daxilində də demokratiyanı boğur, medianı və insan haqları fəallarını susdurur.

Kramer habelə diqqəti ona yönəldib ki, Rusiya Avropanı enerji ilə sınağa çəkir, İranla nüvə sahəsində açıq əməkdaşlıq edir və Vaşinqtonun regional təhlükəsizliyə dair hər hansı təşəbbüslərini özünün nüfuz dairəsinə hədə sayır.

İki ölkə arasında hətta Azərbaycandakı radiolokasiya stansiyasının birgə istifadəsinə dair təklif də olmaqla, müxtəlif əməkdaşlıq təklifləri ortaya atılsa da, bunun inkişafı istiqamətində ziddiyyətlər mövcuddur.

Bununla yanaşı, dövlət katibinin sabiq müavini prezident Obamanın Rusiya səfər etməklə ziddiyyətlərin düz mərkəzinə qədər getmək niyyətini alqışlayır, belə ki, onun fikrincə, bununla liderlər bir-birilərinə təkliflərinin verib, mövqelərini aydınlaşdıra bilərlər.

Kramer xatırladır ki, ABŞ-la Rusiya arasında ticarət dövriyyəsi son illərə qədər artımla müşahidə olunub. Ancaq bu artımı qoruyub saxlamaq mümkün olmur, belə ki, Rusiyadakı Qərb investisiyaları hər zaman risk qarşısındadır.

Üstəlik ötən il Gürcüstanla apardığı müharibə üzündən Moskva ABŞ-la iqtisadi və siyasi münsibətlərini təhlükə altına qoydu.

Dövlət katibinin sabiq müavini habelə regional münaqişələrdən də bəhs edib.

O deyib ki, əgər Obama Administrasiyası Putin-Medvedev hakimiyyəti ilə münasibətlərini Gürcüstan kimi ölkələrin bahasına genişləndirsə, bu, Kremlə regionda əlavə qol-qanad verəcək.

Kramer eyni zamanda əlavə edib ki, Dağlıq Qarabağ və digər münaqişələr də unudulmamalıdır, belə ki, bu problemlərin həllində Moskva ilə Vaşinqtonun səylərinin uzlaşdırılmasına ehtiyac var.

XS
SM
MD
LG