Accessibility links

ABŞ Mətbuatı: İran rejimi dərin böhranla üzləşir


İranda baş qaldıran etiraz dalğası və hökumətin zorakılıqlara əl atması Yaxın Şərqdə əhəmiyyətli yer tutan bu ölkənin siyasi gələcəyi barədə bir sıra nəzəriyyələrə yol açıb. Otuz illik mövcudiyyəti dönəmində ilk dəfə olaraq İslamçı rejim öz əhalisi tərəfindən bu növ ciddi sınağa çəkilib.

New York Times-ın Tehrana ezam edilmiş köşə yazarı Roger Kohen son etiraz dalğası nəticəsində İslamçı rejimin əsaslı şəkildə zəiflədiyini deyir. Onun sözlərinə görə seçkiləri saxtalaşdırmaqla İran rəhbərliyi rejimlə siyasi baxımdan yetkin cəmiyyət arasındakı uçurumu bağlamaq fürsətini əldən verib. Düzdür, rejim Tinanamen meydanında olduğu kimi kütləvi şəkildə nümayişçiləri qırmayıb. Lakin baş verən toqquşmalar hakim elita daxilində ciddi çatlaq əmələ gətirib. Kohen İslam rejimini zəiflədən beş başlıca faktor sadalayır. Bunlardan birincisi Ayətullah Xameneyinin ali dini rəhbər və bitərəf ruhani rəhbər kimi gözdən düşməsidir. İkincisi, rejim indəyədək 20 faiz dəstəyə malik olduğu halda yerdə qalan 80 faizi hədəfləndirilmiş repressiyalar vasitəsilə nəzarət altında saxlayırdı. Lakin artıq bu çoxluq rejimdən bezib və qəzəblidir. Üçüncüsü, Mahmud Əhmədnejadın tərəfdarları hakimiyyəti o dərəcədə həyasızcasına qamarlayıblar ki, hakim dairənin içərisində parçalanma baş verib. Bir tərəfdə Xameneyinin tərəfdarları, qarşı tərəfdə isə qəzəbli elektorat, Əli Əkbər Haşemi Rəfsəncani və Mir Hüseyn Musəvi kimi İslam inqilabının görkəmli xadimləri dayanır. Dördüncüsü, prezident Mahmud Əhmədinejad beynəlxalq aləm qarşısında legitimliyini itirib. Hər dəfə o, ədalətdən və etikadan danışanda rejimin nümayişçilərə qarşı işlətdiyi zorakılıqların videosu canlanacaq. Nəhayət rejim son hadisələrdə İranın böyük əksəriyyətini təşkil edən gənc nəslin, ələlxüsus qadınların, dəstəyini büsbütün itirib

Washington Post-un yazarı Deyvid İqnatius da uzun dönəmdə İranda mübarizə aparan qüvvələr arasında İslam rejiminə müxalif düşərgənin qələbəsinə əminlik ifadə edir. “Ola bilsin ki, qarşıdakı bir neçə gündə dəyənəklərlə silahlanmış qoluzorlular öz iradələrini xalqa hakim etsinlər. Lakin sonda qələbə şəhid olmuş Neda Ağa Soltanın tərəfdarlarına məxsus olacaq. Onlar İran rejiminin düşmənləri Amerika, İsrail və Səudiyyə Ərəbistanın edə bilmədiklərini ediblər – dini rejimin zəifliyini ifşa ediblər. Hökmdarlar çalışacaq ki, bu yaranı zorla qapatsınlar, və ya müəyyən güzəşlərə getməklə sağaltsınlar, lakin rejimə vurulan yara sağalmayacaq.” İqnatius bundan sonra baş verəcək hadisələri Corc Meyson universitetinin professoru Cək Qoldstounun qısa təhlili ilə səciyyələndirir: Rejim dəyişikliyinə aparan proses 3 mərhələdən keçir. Əvvəlcə elitanın üzvləri qoparaq müxalifət yaradır. Sonra millət qütbləşir və koalisiyalar peyda olur. Bunun ardınca kütləvi mobilizasiya baş verir. İranda hər 3 mərhələ artıq həyata keçib. Sonda bu proseslər bir araya gələrək rejimin süqutu demək olacaq.

Washington Post-un başqa yazarı Robert Kaplan hesab edir ki, İranda baş verən hadisələr bütün Yaxın Şərqdə rezonans verəcək. Qonşuluqdakı Ərəb dövlətlərindən fərqli olaraq İran qədim dövlət ənənələrinə malikdir, və burada mövcud olan cəmiyyət xeyli mürəkkəb və yetkindir. İranda 1979-cu ildə baş verən İslam inqilabı funadementalizmin yayılmasında katalizator rolunu oynadı. Son 30 ildə destruktiv hərəkətləri ilə İslamçı rejim Yaxın Şərqin siyasi düzəninə böyük təsir göstərib. Lakin Kaplanın fikrincə demokratik İran regiona daha geniş təsir göstərmək imkanına malikdir. Eyni zamanda belə bir dəyişiklik Şiə İran ilə Sünni ərəb qonşuları arasındakı ixtilafı daha da gücləndirə bilər.

XS
SM
MD
LG