Accessibility links

ABŞ-Rusiya münasibətlərində yeni mərhələ başlayır


ABŞ prezidenti Barak Obama bu gün Moskvaya başlayan ikigünlük səfəri əsnasında bu iki dövlətin öz aralarındakı problemləri həll etmək əzmində olduqlarını bəyan edib.

Daha sonra prezidentlər imzaladıqları sazişlə iki ölkənin müzakirəçilərinə müddəti bu ilin dekabrında bitəcək Strateji nüvə silahlarının ixtisarı müqaviləsini əvəzləyən razılaşmanı yekunlaşdırmağa göstəriş veriblər.

Yarı rəsmi İtar-Tass agentliyi xəbər veriri ki, prezidentlərin bəyanatında hər iki ölkənin nüvə cəbbəxanalarını əhəmiyyətli şəkildə ixtisar etməyin vacibliyi vurğulanır.

Obama ilə Medvedev qarşıdakı 7 il ərzində nüvə başlıqların sayını 2200-dən, 1500-1675-ə endirilməsinə, onların daşıyıcılarının isə 1600-dən 500-də 1100-ə qədər ixtisar etməyə razılaşıblar.

Amma agentlik yazır ki, hədlər təyin edilsə də, bu bəyanat formasındadır, müqavilə deyil. İndi qüvvədə olan müqavilə dekabrın 5-də başa çatır.

Ancaq Rusiya mediasının yazdığına görə, prezidentlərin gəldiyi razılaşma yeni müqavilənin imzalanması üçün münasib şərait yaradır. Belə ki, indiyədək Moskva Vaşinqtondan tələb edirdi ki, ilk növbədə Şərqi Avropada raketdən müdafiə sistemi yaratmaq planlarından əl çəksin.

Ümumilikdə Obama ilə Medvedevin bugünkü görüşündən sonra strateji hücum silahlarının ixtisarıyla bağlı bəyanamə də daxil olmaqla 8 sənəd imzalanıb.

Moskva sammitində Amerika ilə Rusiya liderləri Əfqanıstanla bağlı əməkdaşlığın inkişafına dair nikbin proqnozları da doğruldublar. Belə ki, Frans-Press agentliyinin xəbərinə görə, Obama ilə Medvedev Əfqanıstana daşınan Amerika hərbi yüklərinin Rusiya ərazisindən keçməsinə icazə verən razılaşmaya qol çəkiblər.

Bu Pakistandan keçən və hazırda hücum altında olan yola alternativ bir marşrutdur. Razılaşmalar və bəyanatlar arasında ABŞ və Rusiya arasında raket əleyhinə müdafiə sistemilə bağlı əməkdaşlıq barədə müqavilə də var. İki ölkənin nazirləri isə hərbi deklarasiyanı imzalayıblar.

Prezidentlər bildiriblər ki, onlar ölkələr arasında olan fikir ixtilaflarını aradan qaldırmağa çalışırlar.

Ria-Novosti agentliyi Obamadan belə bir sitat gətirir ki, bizim ölkələr müxtəlif problemlərlə qarşılaşırlar - bu həm dünyəvi təhlükəsizliyin təmin edilməsi, həm də Starteji Hücum Silahlanması ilə bağlı problemdir.

“Mən hesab edirəm ki, bizim gündəlikdə duran vacib və lazımlı qərarları qəbul etmək şanslarımız var", - bunun isə Medvedev Amerika lideri ilə görüşün əvvəlində bildirib.

Medvedev və Barak Obama az əvvəl birgə mətbuat konfransı da keçiriblər.

Danışıqlardan sonra iki prezidentin birgə komissiyasının yaradılması barədə razılaşma da dövlət başçıları arasında əldə olunub.

Obamanın Moskva görüşünü izləyən Vaşinqton Postun müxbirləri Maykl Fletççer və Filip Pan yazırlar ki, raket əleyhinə müdafiə sistemilə bağlı əməkdaşlıq barədə qəbul olunmuş bəyanat olduqca mühüm nəticədir.

Amma bu bəyanatın elan olunmasından sonra İnterfaks agentliyi Rusiya Xarici işlər nazirliyinin məsələ ilə bağlı açıqlamasını yayıb. Nazirlik bildirir ki, iki tərəf arasında raketdən müdafiə sistemləri ilə bağlı konkret müqavilə yoxdur, son razılaşma isə, müqavilə yox deklarasiyadır. Müqavilə üzərində iş Moskva sammitindən sonra başlayacaq.

Əfqanıstanla bağlı əldə olunmuş sazişdə deyilir ki Rusiya tərəfi Amerikadan göndərilən müəyyən miqdarda avadanlıqların daşınması üçün Vaşinqtondan tranzit haqqı istəməyəcək. Anlaşmaya görə, Rusiya hava məkanınıdan 4500 Amerika təyyarəsinin uçuşuna icazə verəcək.

Nyu York Times qəzeti isə Obamanın səfəri ilə bağlı məqaləsində diqqəti ona yönəldir ki, hələ Medvedevlə görüşdən əvvəl amerika prezidenti üstüörtülü də olsa bildirib ki Rusiya lideri ilə yaxşı münasibətdədir.

Kremldəki danışıqlar zamanı isə Ağ ev rəhbəri bu fikrini belə davam etdirib ki, prezidentlər ölkələr arasındakı ziddiyyətləri aradan qaldırmaq, vəziyyəti dəyişmək istəyirlər və onun rusiyalı həmkarı Dmitri Medvedev də bu fikirlə razılaşır.

“Son illərdə pisləşərək soyuq müharibə dövründəki münasibətlər səviyyəsinə çatmış Rusiya-Amerika əlaqələrinin bu görüşdə mülayimləşməsinə ümidlər var”, - deyilir Timesin şərhində.

Dmitri Medvedev və Barak Obama Kremldəki görüş zamanı Yaxın Şərq üzrə Moskva konfransına hazırlıq məsələsini də müzakirə ediblər.

Medvedev deyib ki, tərəflər əvvəlcədən danışlan planları nəzərə almaqla bundan sonra da işləməyi qərara alıblar.

Prezidentlərin az əvvəl başa çatmış mətbuat konfransında Obamaya ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sistemi yaratmaq planlarından əl çəkib-çəkmədiyi sual edilib.

"Raketdən müdafiə sipərinin qurulmasına dair fikir ayrılığı mövcuddur", - Medvedev deyib.

Obama isə əlavə edib ki, bu ayın sonunadək, ekspertlər məsələni öyrənəcəklər və bundan sonra Rusiyaya yeni təkliflər təqdim edəcək.

ABŞ lideri Moskvadakı çıxışlarından birində bir daha Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

Moskvanın cənub boyunca diqqət verdiyi məsələ, NATO-nun genişlənməsidir. Ələxüsus da, Gürcüstanın qərb alyansına daxil olmaq niyyəti.

Bakıdakı ekspertlər isə hesab edirlər ki, ötən il Gürcüstana hücumu ilə Rusiya ABŞ-ın maraqlarına zərbə endirib.

Moskvaya yollanmazdan əvvəl Barak Obamanın Türkiyə prezidentinə telefon açaraq, Qarabağ məsələsini müzakirə etdiyi də diqqəti çəkir.

Prezident Obamanın Moskva təmasları iyulun 7-dək davam edəcək. Sabah ABŞ lideri Rusiyanın baş naziri Vladimir Putinlə səhər yeməyi çərçivəsində görüşəcək.

XS
SM
MD
LG