Accessibility links

Nabukko üzrə razılıq imzalandı


Türkiyə və dörd Avropa Birliyi ölkəsi Avropanın Rusiya qazından asılılığını azaltmağa yönəlmiş tarixi saziş imzalayıblar. Türkiyə, Bolqarıstan, Avstriya, Rumıniya və Macarıstanın baş nazirləri Ankarada Xəzər regionundan Türkiyə vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdə tutan boru kəmərinin çəkilişi barədə razılığa gəliblər. Avropa Birliyinin prezidenti Hoze Manuel Barroso, ABŞ-ın xüsusi nümayəndəsi Riçard Morninqstar və İraq baş naziri Nuri əl Maliki də bazar ertəsi mərasiminə qatılıb. Avropa Birliyi və ABŞ-ın himayə etdiyi Nabukko boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Rusiyanı və Ukraynanı adlamış olacaq. Sonuncu iki ölkə arasında baş verən qaz mübahisəsi qışın soyuq çağında Avropaya qaz təchizatının kəsilməsinə səbəb olmuşdu.

İraq, Misir, və Suriya, o cümlədən cümə günü Türkmənistan boru kəmərini qazla təchiz etməyə hazır olduqlarını bildiriblər. Lakin Türkmən qazının Nabukkoya ötürülüşü Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisinə daxil olmalıdır. Rəsmi Bakı layihəyə prioritet kimi baxdığını elan etmiş və toplantıya Neft və Energetika naziri Natiq Əliyevi göndərmişdir. “Azərbaycan da Nabukko layihəsinin inkişafında çox maraqlıdır. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya ilə qaz əlaqəsinin olması mühümdür. Bolqarıstanın 60 kilometr uzunluğunda Türkiyə qaz kəmərinə bağlantısı bizə imkan verəcək ki, Azərbaycan qazını birbaşa Avropaya nəql edək,” deyə Natiq Əliyev bildirib.

Bu arada, ABŞ-la uzun illərdir düşmən münasibət saxlayan İran da Nabukkonu qazla təchiz etməyə hazırlığını bəyan edib. Siyasi dəstəyə baxmayaraq bir sıra ekspertlər qaz boru kəmərinin illik 1.1 milyard kub metr həcmində qaz təchizatına malik olacağına şübhə ilə yanaşırlar. İranın Milli Neft şirkətinin icraçı rəhbəri Seyfallah Cəşn Saz Nabukkonun İran qazı olmadan praktiki olmayacağını önə çəkərək öz ölkəsinin məmnuniyyətlə bu layihəyə qoşulmağa can atdığını qeyd edib. Tehran özünün nəhəng qaz ehtiyatları üçün əlavə çıxış marşrutarı axtarışındadır. Dünyanın ən iri qaz yataqlarına malik olmasına baxmayaraq iqtisadiy sanksiyalar onun qaz ixracı imkanlarını məhdudlaşdırır.

Christian Science Monitor-da Nabukko sazişi haqda təhlillə çıxış edən Robert Markand da layihənin iqtisadi baxımdan sərfəliliyini sual altına alır. Onun yazdığına görə Avropa hər vəchlə özünü qeyri-sabit davranışlarına görə tanınan Rusiyadan ayırmağa çalışır. Ötən qış Rusiyanın Avropanın yarısını şaxtalı temperaturda qazsız qoyması Avropa rəsmilərinə müstəqil qaz mənbəyi tapmaq üzrə ictimai təzyiqləri gücləndirib. Elə boru kəmərinin adı da Cüzeppe Verdi operasında qandallarını qırıb atmağa çalışan baş qəhrəmanın adından götürülüb. Avropa Birliyi artıq bu layihəyə milyonlarla dollar ayırıb. Məsələ orasındadır ki, layihənin tutumuna uyğun qaz təchizatı hələlik yoxdur. Londonda Chatham House-da aparıcı mütəxəssis olan Pol Stevens Nabukko layihəsinin boru kəməri iqtisadiyyatına baş-ayaq yanaşdığını deyir. Belə ki, adətən əvvəlcə qaz tapılır, sonra boru kəməri inşa olunur. İndi isə öncə boru kəməri inşa edilir, sonra qaz axtarışına başlanılır.” Markandın yazdığına görə başlıca sual Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistanın layihədə nə dərəcədə aktiv iştirak etməsidir. Onlardan bir çoxu hələ hansı həcmdə qaza malik olduqlarını konkret müəyyən etməyiblər. Son həftələrdə Azərbaycan Rusiya ilə qaz nəqli barədə saziş imzalayıb. Lakin Bakı israr edir ki, o, Nabukkoya da qaz satacaq.


XS
SM
MD
LG