Accessibility links

Metyu Brayza Qarabağ danışıqlarını ümidverici sayır


Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü ərəfəsində ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibə verib.

Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində aparılan danışıqlara şərh verərkən, cənab Brayza son inkişafların ümidverici olduğunu qed edib.

Görüşdə hansısa yekun sənədin imzalanacağı və ya prinsiplərin rəsmiləşdirilməsini gözləmədiyini deyən Brayza əlavə edib ki, prezidentlər səviyyəsində təmasın özü danışqıların uğuru üçün mühüm əhəmiyyət kəsb edir.

O, ümid etdiyini bildirib ki, Praqa və Sankt Peterburq görüşlərində əldə olunan irəliləyişlər son təmaslar nəticəsində bir qədər də inkişaf etdiriləcək.

Vasitəçilərin danışıqlara təsir mexanizmini izah edən Brayza bu söhbətlərin dinləmə və tövsiyə xarakterli olduğunu bildirib. Başlıca vəzifə isə bir-biri ilə təkbətək görüşən liderlərin çiyinlərinə düşür.

“Həmsədrlər xarici işlər nazirləri və prezidentlərlə görüşür. Diskussiyaların axarını müəyyən məcraya yönəltmək məqsədilə şərhlər və tövsiyələr verir. Sonra biz otağı tərk edirik. Prezidentlər təkbətək görüşüb söhbət edir. Daha sonra biz otağa qayıdır və prezidentlərin görüşləri haqda təəssüratlarını və mövqelərini öyrənirik.”

Danışıqlarda başlıca 3 prinsipin üzərində diqqətin cəmləşdiyini önə çəkən həmsədr bu prinsiplərin zorakılığın rəddi, ərazi bütövlüyü və öz müqəddəratını təyin olduqlarını deyib.

Onun sözlərinə görə bu yaxınlarda İtaliyada Səkkizlərin sammitində Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatlarında da məhz bu prinsiplərə dəstək ifadə olunur.

Bununla belə, Madrid anlaşmasında əldə olunan razılıqların detalları hələ də ictimaiyyətə açıqlanmayıb.

Danışıqların məxfiliyinə bəraət qazandıran Metyu brayza qeyd edib ki, son razılıq əldə edilməyincə, indiyədək müzakirə olunan hər hansı bir müddəaların birdəflik aradan qaldırılmasını düşünmək yanlışlıq olardı. “Bundan əlavə, prezidentlərin danışıqları sərbəst qaydada aparmaq üçün bir çox başqa danışqılarda olduğu kimi, bu ciddi prosesdə də müəyyən məxfilik gözlənməlidir”, -deyə ABŞ rəsmisi bidirib.

Türkiyə-Ermənistan sərhldlərinin açılması perspektivlərinin Dağlıq Qarabağ danışıqları ilə əlaqəsinə gəldikdə, cənab Brayza öz hökumnətinin mövqeyini aydın edib ki, Vaşinqton bu məsələlər arasında bağlılıq tanımır.

Bununla belə o, qeyd edib ki, Türkiyə-Ermənistan sərhədinin açılması danışıqlarda qarşılıqlı etimadın güclənməsinə stimul verərdi.

“Mən, eləcədə də prezident Obama, dövlət katibi Hillari Klinton inanır ki, bir məsələdə irəliləyiş, əhval ruhiyyənin və iqlimin dəyişməsinə şərait yaradır və başqa prosesdə proqres əldə etməyi asanlaşdırır.”

Ötən il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşdüyünü və qarşılıqlı təmasların intensivləşdiyini vurğulayan Metyu Brayza sonda əmin olduğunu bildirib ki, bu görüşlər nə vaxtsa müsbət nəticə verəcək.

XS
SM
MD
LG