Accessibility links

İranın ali ədliyyə rəsmisi həbsdəki nümayişçilər barədə tezliklə qərar verilməsini istəyir


İran mətbuatının bildirdiyinə görə, ölkənin ali ədliyyə rəhbəri rəsmilərə göstəriş verib ki, keçən ay seçki sonrası qarşıdurmalar zamanı həbs edilmiş insanlarla bağlı son qərara gəlsinlər. Ədliyyə sözçüsü Əli Rza Cəmşidinin bildirdiyinə görə, ədliyyə rəhbəri Mahmud Həşimi Şahrudi deyib ki, rəsmilər bir həftə ərzində nəzarət altına alınanların azad edilməsi və ya həbsdə saxlanması barədə qərar verməlidir. Sözçü rəsmi nəticələrə görə prezident Mahmud Əhmədinejadın qələbə qazandığı seçkilərdən sonra keçirilmiş kütləvi nümayişlər zamanı həbs olunanlardan 300-nün hələ də həbsdə saxlandığını bildirib. Bu arada hüquq müdafiəçiləri siyasi məhbusları təmsil etməmələri üçün vəkillərə təzyiq göstərildiyini deyirlər. Human Rights Watch, iranlı vəkillərin və həbs olunanların ailələrinin ifadələrinə əsaslanaraq dünən məsələylə bağlı bəyanat yayıb.
Müxalif siyasətçilər seçkilərin saxtalaşdırıldığını bildirsə də, İran rəsmiləri səsvermənin ədalətli keçirildiyini israr edir

XS
SM
MD
LG