Accessibility links

Rəbiyyə Kadir Urumçidə baş verənlərlə bağlı müstəqil təhqiqata çağırır


Bu gün Yaponiyada jurnalistlərlə görüşən Dünya Uyğurları Konqresinin başçısı Rəbiyyə Kadir Urumçidə baş verənlərlə bağlı Çin hökumətini tənqid edib. O, keçən ay Urumçidə ölümlə nəticələnən etnik zorakılıqlardan danışıb və bütün bunları izləyən Çin hökumətinin bunun qarşısını almaq üçün heç bir addım atmadığını deyib. Xanım Kadir Çinin hadisə zamanı 197 nəfərin öldüyünü deməsinə baxmayaraq, buna inanmadığını və həmin gecə 10 000 nəfərə qədər insanın yoxa çıxdığını bildirib. Xanım Kadir hadisədən sonra polisin qapı-qapı gəzərək, heç bir ittiham irəli sürmədən uyğur kişiləri evlərindən çıxararaq apardıqlarını deyib və Yapon hökumətini Urumçidə baş verənlərlə və itkin düşən 10 000 nəfərin axtarışı ilə bağlı müstəqil təhqiqata çağırıb. Xanım Kadir eləcə də, ABŞ da daxil olmaqla dünya ölkələrinin hadisəyə münasibət bildirmədiklərindən məyus olduğunu söyləyib.

Xatırladaq ki, zorakılıqlar iyul ayının 5-də, polisin Çinin cənub-şərqində uyğur işçilərin təşkil etdikləri etiraz aksiyalarını yatırmaq istədikləri vaxt başlamışdı. Bundan sonra Çində əksəriyyət təşkil edən etnik Han qrupunun hiddətlənmiş nümayəndələri uyğur məhəllələrinə hücum edərək, zoraklıqlara əl atmışlar.

XS
SM
MD
LG