Accessibility links

Frederik Starr: Rusiya Dağlıq Qarabağ danışıqlarına vasitəçilik etməməlidir


Orta Asia və Qafqaz İnstitutunun təsisçisi və sədri Frederik Starr keçmiş Sovet məkanında cərəyan edən proseslərlə yaxından tanışdır. Rus dilində səlis danışan, tarix üzrə elmlər doktoru və tanınmış musiqiçi Starr çox ümid edir ki, Cənubi Qafqazda nə vaxtsa sülh bərqərar olacaq. Ancaq Rusiyanın dominant rol oynadığı hazırkı siyasi səhnə onu qane etmir. Cənab Starr hesab edir ki, Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmas qurması müsbət işarədir.
“Öz etmadını büsbütün itirmiş ATƏT-in Minsk qrupu prosesindənsə mən Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinə daha çox etibar edirəm. Lakin bu proses hara gedir? Deyirlər ki, ortada vədverici işarələr var. Lakin saziş imzalanandək mən skeptik qalıram.”

Starrın skeptisizmini əsaslandıran başlıca faktorlardan biri danışıqlar prosesində Rusiyanın iştirakıdır. Onun fikrincə regionda aqressiv davranışı ilə tanınan Rusiyanın hansısa post-Sovet məkanındakı münaqişəyə vasitəçilik etməsi qəbuledilməzdir. Belə ki, təkcə ötən il Rusiya qeyri-qanuni şəkildə Gürcüstanı zəbt etmiş, və beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstan əraziləri sayılan Abxaziya və Cənubi Osetiyanın müstəqlliyini tanımışdı.

“Rusiya bu münaqişədə tərəfdir. ABŞ və Avropanın onları vasitəçi rolunda qəbul etməsi qroteskdir. Təəssüf ki, nə Amerika nə də Avropanın cəsarəti çatıdr ki, ruslara aydın etsinlər ki, belə ola bilməz… Rusiyanın regiondakı məramları yaxşı məlumdur. Onlar imperilaist düşüncələrindən əl çəkməyiblər. Və nə qədər ki, Putin təqaüdə çıxmayıb bu, belə olaraq qalacaq. Odur ki, biz Rusiyanın regional bağlı addımları haqda son dərəcə ehtiyatlı olmalıyıq.”

Starr onu qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təcili diqqət tələb edir. O, burada müxtəlif geo-siyasi hesablamarlın mövcudluğunu və onların legitmliyini anladığını söyləyir. Lakin onun fikrincə başlıca məsələ evlərindən didərgin düşmüş insanların taleyidir. On minlərlə insanın öz yurdlarına qayıtması başlıca humanitar məsələdir.

Starr inanır lki, gec-tez münaqişə həll olunacaq. Bu səbəbdən də tərəflər post-konflikt durum haqda fikirləşməlidirlər. Rəsmi Yerevean və Bakı birgə səylərlə bu ərazilərin inkişafı ilə məşğul olmalıdır. Bu, baş verərsə ən böyük qalib hər iki tərəfdəki adamlar olacaq. Ekspert hesab edir ki, Azərbaycan ərazilərini işğal etmiş ermənilər bu torpaqlardan mənfəət götürməyib və onların əksəriyyəti səfalət içərisində yaşayır. Starr əmindir ki, Azərbaycanın maliyyə imkanları sülh müqaviləsinin ardınca iqtisadi inkişafa təkan verməkdə yardımçı olacaq.

ABŞ hökumətinin Azərbaycanla bağlı siyasətinə gəldikdə isə Starr öz tənqidi düşüncələrini gizlətmir: “Mən bu administrasiyadan məyus olmuşam. Müəyyən qədər və ötən administrasiyadan da məyus idim. Amma əvvəlki administrasiyada ciddi adamlar var idi ki, onlar Cənubi Qafqazın müstəqilliyinə, suverenliyinə və inkişafına sədaqətli idilər.”

Starr hesab edir ki, hazırkı məqamda ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti Rusiya ilə münasibətlərin girovuna çevrilib. O, vitse prezident Co Baydenin Ukraynaya və Gürcüstana səfərindən, və səfər əsnasında Gürcüstanın müstəqilliyini dəstəkləmək yönümündə verdiyi bəyanatlardan ürəkləndiyini deyir. Starrın fikrincə hər halda Rusiyaya aydın mesaj göndərilməlidir ki, Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil dövlətlərdir və Amerika onların müstəqilliklərini müdafiə edəcək. Nə qədər ki, bu mesaj ünvanına qətiyyətlə çatdırılmayıb, Rusiya regiondakı nadinc davranışını davam etdirəcək.

XS
SM
MD
LG