Accessibility links

HARAY: Əhməd Obalı ana dilinin önəmini vurğulayır


GÜNAZ TV-nin təsisçisi Əhməd Obalıyla HARAY proqramı, İran Azərbaycanı və İranda vəziyyət barədə səmimi söhbət aparmışıq. Müsahibənin tam mətnini təqdim edirik.

Sual: Amerikanın səsinin İran Azərbaycanına “Haray” adında ikinci bir həftəlik proqramı başlatmasına sizin münasibətiniz?

Cavab: Bu xəbəri eşidəndə bizə də çox emaillər gəldi. İnsanların rəksiyası çox-çox müsbət idi. Mən də çox sevinirəm ki, "Haray" proqramı açılıb. Ümid edirəm və bilirəm ki, bu proqramı izləyənlərin sayı gündən günə çoxalacaq. Bu proqram yaxşı bir zamanda açılıb. Həqiqətəndə hazırda Güney Azərbaycanda şübhələr çoxalırdı ki, biz yaddan çıxmışıq.

Sual: "Haray" proqramı artıq bir neçə həftədir ki davam edir və yəqin ki dinləmək fürsətiniz olub. Proqram barədə ilk təəssüratlarınız necədir?

Cavab: Müsbətdir. Təbii ki ana dilimizdə proqramların sayının çoxalması müsbət əlamətdir. Burada azərbaycanlıların maraq dairəsinin böyüməsi görünür və İrandakı azərbaycanlılar haqda danışan televiziya, radioların və qəzetlərin sayı az olduğundan hər bir belə proqramın yayımlanması yaxşıdır, xüsusilə də ana dilində olan proqram – "Haray" proqramı

Sual: Sizin fikrinizcə, İranda yaşayan və bizim bu proqramla nəzərdə tutduğumuz dinləyici kütləsi üçün ən çox nə kimi mövzular maraqlı olardı?

Cavab: Dünyanın hər yerində olduğu kimi yəqin ki Cənubi Azərbaycanda da azərbaycanlıların oradakı problemləri, yəni sosial problemlər, iş problemləri, milli məsələlər – ana dili haqqında, özlərini tanıtma haqqında Təbriz, Ərdəbil, Urmiyədə gündəlikdə olan problemlər müzakirə olunursa, danışılırsa, bu barədə xəbərlər verilirsə, bu onları bir qədər də razı salacaq.

Sual: İranda yaşayan azərbaycanlılar üçün mədəni maarifçilik sahəsində ən mühüm problemlərin nələr olduğunu fikirləşirsiniz?

Cavab: Reaksiyalara, insanların oradakı mədəni fəaliyyət göstərən kütlənin etirazlarına baxanda hər şey ana dilindən başlayır. İranın konstitusiyasında verilən haqqımız olan ana dilində dərs oxumaq hüququ bu gün pozulur. Bu həm İranda yaşayan, həm də dünyada yaşayan azərbaycanlıların, demək olar ki, ortaq problemidir: Ana dilinin azadlığı.

Sual: İranda prezident seçkiləri ərəfəsində, hətta sərt-xətt tərəfdarı namizədlər də qeyri-fars xalqlara öz dillərində məktəb və mətbuatla bağlı vədlər veriblər. Sizcə, bu vədlər yerinə yetirilə bilərmi?

Cavab: Demək olar ki, indiyədək təcrübə bunlarına yerinə yetirilməyəcəyini göstərib. Amma onları belə bəyanat vermələri özü müsbət bir hadisədir. Çünki, hətta yerinə yerinə yetirməsələr də, xalqın nəyə önəm verdiyini o bəyanatlar göstərir. Məsələn, Möhsüm Rezayi Təbrizda danışanda deyib ki, bizim dövlətimizin yaxşı xarici siyasəti olsaydı, Qarabağı işğal etməzdilər. O, həm Dağlıq Qarabağın işğalını dilinə gətirir, həm də İranın xarici siyasətinin düzgün olmamasını deyir. Digər tərəfdən bu sözləri Təbrizdə deməsi onların Təbrizdəki əhalinin Qarabağa münasibətini yaxşı bildiyini göstərir. Yəni bu sözvermələr özü müsbətdir.

Sual: Əhmədinejadın prezidentliyinin birinci dövründə İranda azərbaycanlıların mədəni hüquqlarının bərpası yönümündə çıxışlarına güclə cavab verildi. Çoxlu azərbaycanlı həbs olundu. Prezidentliyinin ikinci dövründə onun bu məsələlərlə bağlı siyasətinin həqiqətən də dəyişəcəyini gözləyirsinizmi?

Cavab: 4 il az bir müddət deyil. O, 4 il ərzində İranın hər bir nöqtəsində, xüsusilə Azərbaycanda gücdən nə qədər çox istifadə olunduğunu hamı görür. Və bu ikinci 4 il də görünür ki, əvvəlkindən də ağır ola bilər. Ona görə də, Əhmədinjadın insanlarla qarşıdakı 4 il ərzində, keçmiş 4 ildən daha da sərt davranması bizim üçün təəccüblü olacaq. Çünki müşahidələr onu göstərir ki, Əhmədinejadın dedikləri etdiklərindən fərqlidir. Ondan hər hansı müsbət iş gözləmək olmaz.

XS
SM
MD
LG