Accessibility links

Prezident Obama iftar məclisində ABŞ müsəlmanlarının nailiyyətindən danışıb


Birləşmiş Ştatlar prezidenti Barak Obamanın dünən Ağ Evdə təşkil etdiyi İftar məclisində kabinet üzvləri, qanunvericilər və Amerikadakı müsəlman icmasının nümayəndələri iştirak ediblər. Dünənki tədbirdə cənab Obama İslamın ədalət və tərəqqi barədə öhdəliyini alqışlayıb.

Prezident Obama dünənki iftar ziyafətini ramazanın və Amerikadakı müsəlman icmasının nailiyyətlərinin qeyd olunması adlandırıb: “İslam, biz bildiyimiz kimi, Amerikanın bir parçasıdır. Başqa Amerika vətəndaşları icmaları kimi, dünyanın müxtəlif ölkələrindən gəlmiş fərqli etnik qruplara mənsub müsəlman Amerikanın fövqəladə dinamikliyi və rəngarəngliliyini təşkil edir.

Cənab Obama Amerika müsəlmanlarının ABŞ cəmiyyətinə çox töhfə verdiyini və onların biznesdən tutmuş elmə, incəsənətdən tutmuş idmana qədər ölkənin inkişafında geniş fəaliyyət göstərdiklərini deyib. İftara aparıcı müsəlman dövlətlərinin, o cümlədən Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və İraqın səfirləri qatılıblar. Məclisdə həmçinin Konqresin ilk iki müsəlman üzvləri qatılıb.

Prezident Obama çıxışında deyib: "Biz əlaqələrimiz qarşılıqlı maraqlar və hörmət əsasında qurmaq barədə məsuliyyət daşıyırıq və Prezident kimi mənim daxildə və xaricdə ən mühüm öhdəliklərimdən biri budur." ABŞ Prezidenti qeyd edib ki, bu ideya ABŞ-la İslam aləmi arasında onun arzu etdiyi yeni əlaqələrin əsasını təşkil edir.
XS
SM
MD
LG