Accessibility links

12 Şəhrivər bəyannaməsinin 64-cü il dönümüdür


Bu gün Azərbaycan Demokrat Firqəsinin, 1945-ci ildə təsisini elan edən 12 Şəhrivər bəyannaməsinin 64-cü ildönümüdür. İran Azərbaycanlılarının tarixindəki bu mühüm hadisə barədə Səyid Cəfər Pişəvərinin həyatı haqqında kitabın müəllifi cənab Əkrəm Bijə ilə müsahibəni təqdim edirik

Sual: 12 Şəhrivər Bəyənnaməsi, onun tarixi barədə nə deyə bilərsiniz?

Cavab:
12 Şəhrivər bəyənnaməsi İran tarixinin 1325-ci il Şəhrivər ayının 12-nə yəni bizimtarixlə 1945-ci ilin sentyabr ayının 3-nə təsadüf edir. Bu bəyannamə Azərbaycan Demokrat Firqəsinin yaradılmasını elan edən bir bəyannamədir. Ona qədər Seyid Cəfər Pişəvəri başda olmaqla, ümumi İran miqyasında azadlıq götürülürdü. Yəni İran xalqlarının Şah istibdadından azad olması məsələsi qaldırılmışdı. Ancaq, hadisələrin sonrakı gedişi göstərdi ki, Seyid Cəfər Pişəvəri kimi şəhpərəst qüvvələrlə azərbaycançıların suyu bir arxa getməyəcək . Məsələ belə oldu ki, xalqın öz müqəddəratını özü təyin etməsi üçün mütləq onun mübarizəsinə rəhbərlik edən bir partiyaya ehtiyac yarandı. Bu ehtiyacı hamıdan əvvəl həmin partiyanın lideri, yaradıcılarından olan Seyid Cəfər Pişəvəri başa düşdü. O, 1945-ci ilin iyul ayında Azərbaycana gəldi, öz həmfikirləri ilə məsləhətləşmələr apardı və 47 nəfərin imzası ilə 1945-ci il sentyabr ayının 3-də 12 Şəhrivər adlanan bəyənnamə elan olundu.

Sual: Bu bəyənnamə ilə Demokrat Firqəsinin əsası qoyuldu. Bu Firqənin məramları nədən ibarət idi?

Cavab:
Firqənin məramları şüarlar adı ilə bəyənnamədə əks olunmuşdu. Orada təxminən 20 şüar var. Bu şüarlarda göstərilir ki, bizim məqsədimiz Azərbaycanı azad etmək, Azərbaycana İran hüdudları daxilində muxtariyyət vermək, Azərbaycan kəndlilərinə torpaq vermək Azərbaycan dilini dövlət dili elan etmək, azadlığı bərqərar etmək, Azərbaycanda yaşayan qeyri-azərbaycanlıların hüquqlarını tanımaq və onların mədəniyyətinin, dilinin inkişafına şərait yaratmaq, sənayeni yenidən dirçəltmək, yəni sənaye sahiblərinə kömək etmək, məktəbləri, yolları, şəhərləri, kəndləri abadlaşdırmaq və s. Buradakı şüarların hər birinin altında Azərbaycanın müstəqilliyi, abadlaşdırılması, Şahlıq rejimindən azad olmaq məsələsi idi. Bəyənnamə küllü şəkildə, böyük tirajla əhali içərisində yayıldı və xalq 12 Şəhrivər bəyannaməsində uzun illərdir qəlbində bəslədiyi, uğrunda mübarizə apardığı məsələləri gördü. Ona görə də, Azərbaycan Demokrat Firqəsinin sıralarına çox sürətlə axın başladı. Hamı bu Firqənin yaradılması ilə öz nicatını, öz azadlığını, vətəninin gələcək taleyini gördü. Hətta Azərbaycanda təşkilatı olan İran Xalq Partiyası da gördü ki, bu Firqənin şüarlarıdaha mütərəqqi xarakterlidir, ona görə də həmin təşkilatın üzvlərikütləvi şəkildə Firqəyə üzv oldu.

Sual: Azərbaycan Demokrat Firqəsi öz məramlarına nə dərəcədə çatdı?

Cavab:
Bu şüarlarda yazılan maddələrin demək olar ki, hamısına yönəldi, ancaq tam həyata keçirilməsi üçün vaxt çatmadı. Hökumət cəmi bir il yaşadı. Ancaq bu bir il ərzində Səyid Cəfər Pişəvəri hökuməti böyük tədbirlər həyata keçirmişdi.
XS
SM
MD
LG