Accessibility links

ABŞ Mətbuatı: İranın nüvə ambisiyası və dialoq siyasəti


İran və dünyanın aparıcı dövlətləri gələn ayın əvvəlində son ildə ilk dəfə olaraq görüşərək İslam Respublikasının nüvə proqramı ətrafında danışqıları bərpa etməyə qərar veriblər. Bu arada isə Tehran xəbərdarlıq edir ki, onun nüvə obyektlərinə hücum edildiyi təqdirdə özünü müdafiə edəcək. Bir çox analistlər İsrailin İranın nüvə obyektlərinə hava zərbələri endirəcəyi ilə bağlı spekulyasiyalar irəli sürür. İsrail baş naziri Benyamin Netanyahunun ötən həftə Moskvaya gizli səfəri də məhz bu məramla əlaqələndirilir.

Washington Examiner qəzetinin köşə yaşarı Hyu Hevitt Amerikada bir çoxlarının başının prezident Barak Obamanın səhiyyə islahatları barədə planlarına qarışdığı halda İran məsələsinin arxa plana keçdiyini yazır. Onun sözlərinə görə daxili siyasətdə debatlar qızışdıqca ötən həftənin mühüm hadisələri nəzərdən qaçıb. İsrail baş nazirinin Moskvaya qəfil səfəri, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana qarşı sərt sanskiyaları rədd etməsi və İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyinin dissidentləri əzəcəyi və nüvə proqramını davam etdirəcəyi barədə bəyanatları, Hevitin qənaətinə görə, dərin narahatlıq doğuran əlamətlərdir. Müəllifin fikrincə Obama administrasiyası İranı hər vəchlə dialoqa çəkməyə çalışır. Hətta İranın uran zənginləşdirməsini müzakirə etməyəcəyi haqda bəyanatına baxmayaraq Dövlət Departamentinin sözçüsü Filip Krouli danışqılar əsnasında məsələnin qaldırılacağını deyir. Hevvitin sözlərinə görə Obama administrasiyası güzəşt siyasətini diplomatik vasitəyə çevirib. İranı idarə edən fanatların heç bir əməli və ya bəyanatı Obama administrasiyasını onlarla dialoqa girmək qətiyyətindən döndərmir. “Biz bilmirik ki, Netanyahu Putinə xəbərdarlıq edib ki, İranla qarşıdan gələn münaqişədə kənarda dursun, yaxud bu səfər sadəcə hal-əhval tutlmaq üçün edilmişdi. Onu da bilə bilmərik ki, Rusiyanın "MV Arktik Dənizi" adlı karqo gəmisi sularda niyə oğurlanmışdı. Lakin ehtiyatlı müşahidəçi bu sonluğa gələ bilər ki, hadisələr İranın nüvə ambisiyaları ətrafında sürətlə cərəyan etməkdədir və siyasi təlatümlərlə üzləşən mollalar tələm-tələsik atom bombası əldə edərək hakimiyyətlərini möhkəmləndirməyə can atırlar.” Belə olan halda Hyu Hevitt başı daxili məsələlərə qarışmış prezident Obamanın İsrail İrana hücum etdiyi tədqirdə ABŞ-ın nə kimi tədbirlərə əl atacağını sual edir.

New York Times qəzetinin baş məqaləsində isə Obamanın İranla təmas siyasətinin tənqidçiləri qınaq obyektidir. Redaktor heyətinin yazdığına görə təmas anlayışı Amerika siyasətində ən çox təhrifə məruz qalan terminlərdən biridir. Əslində bir çoxlarının yozduğu kimi bu, dilə tutmaq yox, dövlətçilikdə geniş istifadə olunan siyasi alətlərdən biridir. Times-ın yazdığına görə keçmişdə Sovet İttifaqı, Cənubi Afrika, Anqola, Kuba, Çin və bu yaxınlarda Liviya kimi dövlətlərlə təmasların qurulması bu dövlətlərin davranışında müsbət dəyişikliklərə gətirib çıxarıb. Təmas prosesdir, son məqsəd yox, deyə baş məqalədə bildirilir. Bu baxımdan Amerikanın İranla qeyd-şərtsiz danışıqlara başlamasının perspektivləri mövcuddur. Dialoqun mühüm cəhətlərindən biri müəyyən nəticələr əldə etmək üçün güzəştlər tələb edir. Redaksiya heyətinin fikrincə Obama administrasiyasının İran siyasətinin tənqidçiləri məhz bu növ güzəştləri qəbul etmək istəmirlər.
XS
SM
MD
LG