Accessibility links

ABŞ Mətbuatı: İran rejiminə daxili təhlükə


İranın ikinci nüvə obyektinin aşkarlanması və son günlərdə keçirdiyi raket sınaqları beynəlxalq ictimaiyyətdə İrana qarşı onun nüvə ambisiyları ilə bağlı mövqeyi bir qədər də sərtləşdirmək yönümündə fikirlərə yol açıb. Lakin bəzi ekspertlər xarici münasibətlərdə nadinc davranış nümayiş etdirən İran hökumətinin əslində daxildə ciddi təhlükələrlə üzləşdiyini müşahidə edir.

Time məcmuəsində dərc edilən məqalədə İranın hazırkı hökumətinin İslam İnqilabının banisi Ayətulla Xomeyninin irsi ilə münasibətlərində meydana çıxan problemlərdən bəhs olunur. Yazı Tehran beynəlxalq aeroportundan bir qədər aralıda yerləşən Ayətulla Ruhulla Xomeyninin 2 milyard dollar dəyərindəki məqbərəsinin təsviri ilə başlanır. Bildirilir ki, yay vaxtı cərəyan edən seçkisonrası iğtişaşların ardınca mavzoley sərt xətt yönümlü mühafizəkarların istinadgahına çevrilib. Hər gün bir neçə turist avtobusu bura İnqilabın rəhbərinin xatirəsini anmağa gəlmiş zəvvarlar gətirir. Saqqallı və zəhmli görünüşlü adamlar daxil olmaqla bəziləri Xomeyninin məqbərəsində ağlayır.

Lakin mühafizəkar görüntülərinə baxmayaraq sərt xətt yönümlü rejim Xomeyninin 15 nəvəsindən birinin burada planlaşdırdığı nitqi təxirə salıb. Məqbərənin idarəçisi olan Həsən Xomeyni bir çox qohumları kimi müxalifət hərəkatının tərəfdarlarıdır. Bir tərəfdən rejim nümayişçiləri Qərbpərəst və dünyəviçi olmaqda ittiham edir, o biri tərəfdən bir çox iranlılar inanır ki, inqilabi ideologiyanın n mətin daşıyıcalır onun banisinin övladlarıdır. Və Xomeyni ailəsinin bir çox üzvlərinin rejim əleyhinə çıxması hökuməti çətin duruma salır.

Son aylarda Həsən Xomeyni ilə İnqilab Qvardiyasının rəhbərləri arasında ixtilaf bir qədər də güclənib. Mahmud Əhmədinejada yaxınlığı ilə tanınan qəzetdə Xomeyninin nəvəsi korrupsiyada və BMW markalı maşın sürməkdə ittiham olunur. İlk dəfədir ki, rejim açıq şəkildə Beyt-e İmam kimi tanınan Xomeyninin varislərini təhqir edir. Sonra, avqust ayında Həsən bu təhqirin əvəzini çıxaraq Əhmədinejadın andiçmə mərasiminə qatılmadı. O vaxtdan bəri Həsən Xomeyniyə qarşı müdia müharibəsi bir qədər də qızışıb. Lakin əgər keçmiş göstəricidirsə, onda təxmin etmək olar ki, bu dəfə də rejim qalib çıxacaq. 1990-cı illərin ortalarında Ayətulla Xomeyninin bacarığına görə tanınan oölu Əhməd 49 yaşında müəmmalı bir şəraitdə vəfat etdi. Həmin vaxt o, ölkənin ali dini rəhbəri Ayətulla Əli Xameneyini tənqid etməyə başlamışdı.

Washington Post qəzetində Ann Applebaum Qərb dövlətlərinin İranda meydana çıxmış kəskin daxili təzadlardan yararlana bilməməsindən gileylənir. Onun yazdığına görə hazırda iki iran mövcuddur: Barışmaz mövqeyi ilə nüvə proqramını dayandırmaqdan imtina edən hökumət və rejimə qarşı üsyan püskürən İran cəmiyyəti. Applebaum yazır ki, İran rejimini qorxudan Qərbin sanksiyaları deyil, məhz daxildə cərəyan edən etiraz dalğasıdır. Hazırda Qərb dövlətləri bir araya gələrək İranın nüvə proqramının qarşısını almaq üçün müxtəlif növ üsulları nəzərdən keçirirlər. Lakin İran rejimini yola gətirməyin ən effektiv yollarından biri məhz müxalifət hərəkatının gücündən bəhrələnmək və demokratiya tərəfdarlarına açıq dəstək vermək ola bilər, deyə müəllif yazısını bitirir.

XS
SM
MD
LG