Accessibility links

Türkiyə ilə Ermənistan arasında diplomatik saziş imzalandı


Türkiyə və Ermənistan arasında əlaqələri normallaşdırmaq yönümündə saziş nəhayət ki, imzalandı. Bundan öncə tərəflərin verəcəyi bəyanatlarla bağlı fikir ayrılığı üzündən imzalanma yubanmışdı. İsveçrənin Sürix şəhərində düzənlənən imzalanma mərasimində Ermənistan xarici işlər naziri Edvar Nalbandyan və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə bərabər ABŞ dövlət katibi Hillari Klinton və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər. Yubadılmış imzalanma mərasiminin baş tutmasında vasitəçi qismində çıxış edən Hillari Klintonun xüsusi xidmətləri olduğu bildirilir. İmzalanmanın ardınca Türkiyə və Ermənistan xarici işlər nazirləri əl sıxmış, lakin bəyanatla çıxış etməmişlər. İki ölkə arasında sərhədlərin açılmasını nəzərdə tutan razılıq Ermənistan və Türkiyə parlamentləri tərəfindən təsdiq olunmalıdır. Siyasi təhlilçilər xəbərdarlıq edir ki, hər iki ölkədə daxili müxalifət prosesi ləngitməyə çalışacaq. Ermənistan və Türkiyənin müttəfiqi Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi və bununla bağlı problemlər Ermənistan - Türkiyə əlaqələrinin normallaşdırılması səylərini mürəkəbləşdirə bilər. Azərbaycanın prezidenti İlham Əliyev dünən bildirdi ki, Ermənistan prezidenti ilə Qarabağla bağlı keçirdikləri görüş uğursuzluqla nəticələnib.
XS
SM
MD
LG