Accessibility links

Sancaq Diplomatiyası: ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt moda vasitəsilə diplomatik mesajlarını necə çatdırırdı


"Read My Pins: Stories from a Diplomat's Jewel Box", "Mənim sancaqlarımı oxuyun: Diplomatın mücrüsündən hekayələr" adlı kitabında MadlenOlbrayt illər uzunu bəzək əşyalarından ünsiyyət yolu kimi istifadə edərək, moda vasitəsilə güclü diplomatik mesajlar göndərə bildiyindən bəhs edir.

Madlen Olbrayt 1993-1997-ci illərdə ABŞ-ın BMT-dəki səfiri, 1997-2001-ci illər arasında isə Birləşmiş Ştatların ilk qadın Dövlət katibi olub. Sancaqlardan diplomatik bir vasitə kimi istifadə etmək fikri onda birinci Körfəz müharibəsi zamanı yaranmışdı. Özü dediyi kimi, bu ideyaya görə o, "Səddam Hüseynə borcludur".

Madlen Olbrayt Səddam Hüseyni BMT Təhlühkəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə kəskin tənqid etdikdən sonra İraq liderinin "saray şairi" onu "tayı-bərabəri olmayan ilan" adlandırmışdı. Bundan sonra İraq liderlərilə görüşə gedən xanım Olbrayt diplomatik mesajını ilan sancağı taxaraq çatdırmaq qərarına gəlmişdi.

Sancaqlar və broşkalar o vaxtdan Madlen Olbraytın diplomatik dəst-xəttinin ayrılmaz bir hissəsinə çevrilmişdir. O bu sancaqlar vasitəsi ilə danışıqlar prosesinin vacibliyini vurğulamaq, hadisələrə öz münasibətini bildirmək və Amerikanı təmsil etdiyinə görə iftixar hissi keşirdiyini göstərməyə çalışırdı.

Bu sancaqların çoxu bijuteriyadır, amma aralarında olduqca nadir, nəfis broşkalar da var. Xanım Olbraytın kolleksiyasını quşlar, böcəklər, kəpənəklər, ulduzlar, Amerika bayraqları və gül-çiçək motivli sancaqlar bəzəyir.

2000-ci ildə o zaman Rusiyanın Xarici İşlər naziri İqor İvanovla anti-ballistik raketlərə dair müqavilə ətrafında müzakirə apardıqda Madlen Olbrayt raket tutan qurğu şəklində sancaq taxmışdı. O zaman Rusiya prezidenti Vladimir Putin ABŞ rəsmilərinə demişdi ki, o, danışıqların əhval-ruhiyyəsini Madlen Obraytın hansı sancaq taxması ilə müəyyən etməyə çalışacaq.

Fələstinlilərin o vaxt lideri Yasir Ərəfatla görüş zamanı Madlen Olbrayt arı sancağı taxır. Dövlət katibi Ərəfatla bir neçə saat müzakirə aparıb, güzəştlərin vacibliyini vurğulayır. Xanım Olbaryt sonradan bu görüşü belə təsvir edir: “Bu sancaq mənim müəyyən mənada əhvalımı əks etdirirdi. Mən çətin günlərdə bir balaca kəskin olmaq və ciddi mesajlar göndərmək üçün böcək motivli sancaqlarımı taxırdım.”

Dövlət katibi Olbraytın diplomatik təcrübəsinin müəyyən mənada güzgüsü olan bəzək sancaqlarından ibarət kolleksiya illər keçdikcə siyasi arenada daha ciddi sınaqları və dəyişikləri əks etdirərək böyümüşdür.

Bu günlər ölkənin hər yerində yeni kitabının prezentasiyasını keçirən xanım Olbrayta verilən suallar dünyanın bugünkü siyasi durumu nəzərə alaraq onun hansı addımları ata bilməsi və təbii ki hansı sancaqları taxması ilə bağlı olub.

"Siz bu gün İran liderlərilə görüşsəniz hansı sancağı taxardınız?" sualının cavabında Madlen Olbrayt ehtiyatda belə bir sancağı olduğunu deyib: "Kitabda bu sancağı görə bilərsiniz. Bu, göyərçin və qartalın bir yerdə olduğu sancaqdır. Onu keçmiş Müdafiə naziri Vilyam Kohenin xanımı Canet Lanqhart Kohen hazırlayıb. Bu, bir tərəfdən açıq əllə təkliflər etmək, digər tərəfdən isə güclü olmaq və bütün variantların masa üzərində olduğunu aydın etməli olduğumuz haqda mənim düşündüklərimi əks etdirir."

İranla bağlı sözünə davam edən Madlen Olbrayt deyib ki, seçkinin nəticələri saxtalaşdırılıb və bundan sonra etiraz edən nümayişçilər zorakı repressiyalarla qarşılaşıblar. İranda islahatçı namizəd Mir Hüseyn Musəvinin seçki kampaniyasının rənginə işarə edən Madlen Olbrayt "iranlılarla görüşsəm, mütləq yaşıl rəngli geyimdə olaram" söyləyib.

Lakin bununla belə xanım Olbrayt bütün səviyyələrdə danışıqların dvam etdirilməsinin vacibliyini vurğulayıb: “Prezident Obama prezident Əhmədinejadla danışıqlar aparmır. İndi Dövlət Departamentində üçüncü şəxs olan Bil Börns onların nüvə müzakirəçisi ilə görüşür. Bizim İranla 1979-cu ildən diplomatik münasibətlərimiz yoxdur. Buna görə də biz baş verənlərdən xəbərsizik. Biz informasiya almaq üçün amerikalı və britaniyalı iranlılardan asılıyıq."

"Mənim sancaqlarımı oxuyun" kitabında Dövlət katibi Madlen Olbrayt xarici siyasət və modanı bir araya gətirə bilən yüksək zövqə və üsluba malik diplomatiyanın birinci xanımı kimi görünür.

Kitab Amerikada kitab mağazalarında artıq satışa çıxarılıb. Madlen Olbraytın bəzək sancaqlarından ibarət kolleksiyası isə Nyu Yorkun İncəsənət və Dizayn muzeyində nümayiş etdirilir. Sərgi Birləşmiş Ştatlar və dünyanın bir sıra başqa ölkələrində göstəriləcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG