Accessibility links

Azərbaycan məhkəməsi talibançıları məhkum edib


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Əfqanıstan və Pakistan ərazilərində həmin dövlətlərin və
Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən 13 Azərbaycan vətəndaşına hökm elan olunub. Proses qapalı rejimdə keçirilib.
“Turan” Agentliyinin məhkəmədəki mənbələrə istinadən verdiyi məlumata görə, Şakir Xanbutova 1 il 6 ay, Araz Kəngərliyə 2 il 6 ay, Telman İsayevə 2 il 6 ay, Tural Sultanova 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilova isə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Həbsdə olduğu müddət cəza müddətinə hesablanaraq, bu şəxslər məhkəmə zalından azad olunub.
Bu şəxslər qanunsuz silahlı birləşmələrin iştirakçısı olmaqda və qanunsuz sərhəd keçməkdə, qanunsuz silah və döyüş sursatı saxlamaqda təqsirli bilinib. İttiham aktına görə, adı çəkilən qanunsuz hərbi birləşmə Qərb koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlar aparmaq məqsədilə İran ərazisində yaradılıb. 2005-2008-ci illər ərzində hər biri müxtəlif müddətlərdə İranın Zahidan bölgəsindən Əfqanıstana, oradan isə qanunsuz yolla Pakistana keçərək, adı çəkilən ölkələrdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrdə təlim keçib və döyüşüblər. Təqsirləndirilənlər Əfqanıstanda “Taliban” hərəkatının tərkibində yaradılan “Türk camaatı”, “Özbək camaatı”, “Ceyşul-Mehdi” və digər hərbi birləşmələrdə təlim keçərək, əməliyyatlarda iştirak edib. Adı çəkilən şəxslər Azərbaycana qayıtmaq üçün sənədləri qaydasında olmadığı üçün İran-Azərbaycan dövlət sərhədini müxtəlif vaxtlarda qanunsuz keçən zaman Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılıb.
İş üzrə istintaq Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

XS
SM
MD
LG