Accessibility links

ABŞ Mətbuatı: Türkiyə-Ermənistan anlaşması


Ötən həftəsonu Türkiyə ilə Ermənistan arasında tarixi əhəmiyyət daşıdığı deyilən diplomatik münasibətlərin bərpası haqda protokol imzalandı. İmzalanma mərasimi əsnasında qarşıya çıxan maneələr uzun müddət bir-birinə düşmən münasibət bəsləmiş dövlətlər arasında yaxınlaşmanın hamar olmadığından xəbər verir.

Washington Post qəzeti sazişin imzalanma günündə cərəyan etmiş olayların detallarını oxucuların nəzərinə çatıdırıb. İsveçrənin Sürix şəhərində prosesi izləyən müxbir Meri Beth Şeridan yazır ki, ABŞ dövlət katibi Hillari Klinton axşamüstü saat 5-də imzalanma mərasiminin düzənlənəcəyi Sürix Universitetinin binasına yaxınlaşarkən xəbər tutdu ki, erməni tərəfi türklərin hazırladığı açıqlamaya etiraz edir. Bundan sonra Klintonun maşın karvanı dərhal otelə qayıtdı və orada Amerikanın ali diplomatı ermənilərlə gərgin danışıqlara başladı. Otelin maşın dayanacağında qara BMW markalı maşında oturmuş Klinton yağmurlu havada bir saat telefonda Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu və Ermənistan nümayəndəsi Edvard Nalbandyanla danışdı. Sonradan Nalbandyanın otelinə yollanan Hillari Klinton Ermənistan xarici işlər nazirinə universitetə birgə getməyi təklif etdi. Saatlarla davam edən danışıqların ardınca keçirilən imzalanma mərasimindən sonra xanım Klinton diplomatik səylərindən söz açıb. Danışıqlar dalana dirəndiyi anda, xanım Klinton özünün dediyinə görə, tərəflərə izah edib ki, onlar bu razılığın imzalanması üçün uzun yol qət etmişlər və hazırkı anda görülən işləri heçə endirmək heç bir tərəfin maraqlarına cavab vermir.

Razılığın qüvvəyə minməsi üçün onun hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilməsi tələb olunur. Bəzi müşahidəçilərin fikrincə ölkə daxili debatların qızğın keçidyi şəraitdə bu, o qədər də asan olmaya bilər. Christian Science Monitor qəzetinin yazdığına görə ermənilər Birinci Dünya Müharibəsi zamanı əcdadlarının qətllərini genosid kimi dəyərləndirir. O biri tərəfdən Türkiyə dondurulmuş Dağlıq Qarabağ probleminin həllində irəliləyiş istəyir. Azərbaycan son aylarda rəsmi Ankaraya Ermənistanla münasibətlərində münaqişənin həllinə doğru çalışmaq üçün ciddi təzyiqlər göstərib. Lakin illərlə davam edən sakit fikir mübadilələrindən sonra tərəflər anlaşmaya gəlməyə meylli görünür. Monitor-un yazdığına görə ermənilər Türkiyə ilə münasibətləri normallaşdırmaqla ölkənin təcridinə son qoymaq və yoxzsulluğun daşını atmağa can atırlar. Türkiyəni hərkətə gətirən isə bu dövlətin biznes maraqları və qonşularla “sıfır problem” adlanan siyasətdir. Sonuncuya misal olaraq Ankara ilə Afina arasında son zamanlar münasibətlərin yaxşılaşması, Türkiyənin İranla təmasları genişləndirməsi, Suriya və İsrail arasında vasitəçi qismində çıxış etməsi və Rusiya ilə yaxınlaşma misal göstərilir. Qəzetdə yazılır ki, əgər Türkiyə Cənubi Qafqazda münaqişənin həllinə nail olsa, mümkündür ki, bölünmüş Kiprdə yaşanılan oxşar problemin həlli də aktuallaşa bilsin.

Los Angeles Times qəzetinin baş məqaləsi də Ermənistanla Türkiyə arasındakı diplomatik anlaşmanı müsbət qarşılayır. 1915-18-ci illər arasında baş verən qətllərin genosid kimi qiymətləndirilməsinə çağıran yazıda eyni zamanda bunun və Ermənistanla Azərbaycan arasında cərəyan edən münaqişənin Türkiyə-Ermənistan yaxınlaşmasına xələl gətiməməməli olduğu deyilir. Yazıda qeyd olunur ki, Ermənistan iqtisadi baxımdan boğulmuş vəziyyətdədir. Onun açıq sərhədlərə və Qərbi Avropaya çıxışına ehtiyac var. Ölkədən kütləvi beyin axını var. O biri tərəfdən Türkiyə Avropaya inteqrasiyanı gücləndirməyə səy göstərir, və Ermənistanla münasibətlər bu yolda duran maneələrdən biridir. Los Angeles Times-ın yazdığına görə xoşbəxtlikdən hər iki ölkənin liderləri bu reallığı anlayır.
XS
SM
MD
LG