ABŞ
Senatının Maliyyə Komitəsi sığorta qiymətlərinin azaldılması və daha artıq
amerikalının səhiyyə
xidməti ilə təmin edilməsi ilə bağlı islahat qanununu 14 lehiyə, 9 əleyhinə səslə
təsdiq edib. ABŞ prezidenti Barak Obama qanunun təsdiqiniAmerika xalqının
səhiyyə imkanlarının artırılmasında böyük nailiyyət kimi qiymətləndirib. Ağ
Evin Qızıl Gül bağçasında danışan prezident qanunun bu il təsdiqi üçün daha gərgin
iş aparılması vaxtının çatdığını deyib.
Senatın Maliyyə Komitəsində qanunun təsdiqi müsbət inkişaf olsa da, səhiyyə islahatları sahəsində debatlar davam edəcək. Senatın təsdiqini qazanmadan əvvəl sənəd Senatın Səhiyyə Komitəsində təsdiq edilməlidir. Qanuna əsasən amerikalıların demək olar ki, hamısı səhiyyə sığortası almalı, əks təqdirdə cərimə ödəməlidir. Sığorta şirkətləri isə kəskin tənzimləyici qaydalar qarşısındadır. Belə ki, artıq əvvəlcədən xəstəliyə malik olan insanlar sığortadan məhrum edilə bilməyəcək.