Accessibility links

İranda Bəlüclər güclü ayrı-seçkiliyə məruz qalır


İNSAFƏLİ HİDAYƏT

İranın Bəlücistan hissəsində bazar günü baş verən intiharçı hücum diqqətləri bir daha ölkənin bu yoxsul hissəsinə yönəldib. Qeyd edək ki, bu zorakılıq hərəkəti Azərbaycanlılar da daxil İranın müxtəlif xalqlarını təmsil edən təşkilatlar tərəfindən məhkum edilib.

Bəlücistanda silahlı mübarizə aparan əsas qrup qısa adı Cundullah olan İran Xalq Müqavimət Hərəkatıdır. Bu qurubun zorakılığa əl atmadan mədəni hüquqların tələb olunmasına üstünlük verən qolu da mövcutdur. Bunu da qeyd edək ki, Bəlücistanda zorakılıq hərəkətlərini himayə etməyən qruplar da var və İranın bu hissəsində hamı silahlı mübarizə tərəfdarı deyil.

Ekspertlər deyirlər ki, İran hökumətin qeyri-fars, xüsusilə sünnü xalqların milli hüquqlarını taptalaması onlar arasında silahlı mübarizə meyillərini artırıb. İran hökumətinin Sünnü qruplara qarşı daha sərt siyasət yeritməsi onlara qarşı təqib və təzyiqləri həyata keçirməsi də Bəlücistan əhalisinin narazılığını daha da artırır. Yüksək vəzifələrə təyinat məsələsində də Bəlüclər ayrıseçkiliyə məruz qaldıqlarını irəli sürürlər. Onlar on illərlə Bəlüclərdən heç kimin İran hökumətində yüksək vəzifə tutmadığına işarə edirlər.

Bəlücistan İranın ən yoxsul bölgələrindən biri hesab olunur və demək olar bu bölgədə ticarətin çox böyük bir hissəsi silah qaçaqmalçılığından ibarəttir. Mülki əhalinin bu yolla silah əldə etmək imkanı da Bəlüclərin bir hissəsinin hökumətə qarşı silahdan istifadə etməsini və zorakılığa əl atmasını asanlaşdırır.

Bəlücləri narahat edən ən mühüm məsələlərdən biri də onların Pakistandakı soydaşları ilə əlaqə saxlamalarının məhdudlaşdırılmasıdır. Xatırladaq ki, Pakistanda Bəlüclərin iqtisadi vəziyyəti İrandakılardan olduqca yaxşıdır. Onlar Pakistanın federal quruluğu çərçivəsində müəyyən hüquqlara malikdirlər. Bu fərq də Bəlüçləri narahat edən amillərdən biridir. İran hökuməti hazırda sərhəddən icazəsiz keçidləri tam dayandırmaq üçün 800 kilometrlik divar çəkir ki, bu divarın hündürlüyü altı metrdir.

Bəlüclərin böyük əksəriyyətinin İran hökumətindən tələbi mədəni və dini ayrı-seçkiliyin dayandırılması, bölgənin iqtisadi inkişafı üçün layihələrin həyata keçirilməsi və dövlət vəzifələrinə təyinatlarda özlərinə də imkan verilməsidir.

XS
SM
MD
LG