Accessibility links

Təhlil: Türkiyə hökumətinin kürd siyasəti


Türkiyə ilə kürd qiyamçıları arasında dönüş nöqtəsi kimi qiymətləndirilən olayda 8 qiyamçısı və 26 qaçqın İraqdakı bazalarını tərk edərək özlərini Türkiyə rəsmilərinə təhvil veriblər. Amerikanın Səsinin bölgədəki müxbiri Dorian Counsun məlumatına görə bu simvolik addım hökumətin 40 min adamın həlak olduğu konfliktə son qoymaq üçün göstərdiyi təşəbbüsə cavab kimi təsvir edilir.

Türkiyə telekanalları öz yayımlarını “təslim” anonsu ilə başladılar.
Türkiyə ərazisinə daxil olan 34 kişi və qadın gülümsəyirdilər. Onlar PKK-nın qərargahlandığı İraqın Kürdüstan regionunda sərhədi keçərək Türkiyəyə daxil oldular.

Militantlar 1984-cü ildən bəri kürdlərin hüquqlarının genişləndirilməsi uğrunda vuruşurlar. Qiyamçılara dəstək ifadəsi olaraq sərhədin hər iki tayında minlərlə kürd sakini toplaşmışdı.

PKK təmsilçisi bu hadisəni türk hökumətinin Demokratizasiya Təşəbbüsünə xöşməramlı cavab kimi təsvir edib. Bu təşəbbüs türk dövləti ilə PKK arasında münaqişəyə son qoymaq məqsədi daşıyır.

Türkiyə hökumətinin məsləhətçisi İbrahim Kalin bunu mühüm addım adlandırır:
“Bu, çox yaxşı işarədir. Bu, demokratik təşəbbüsün ilk meyvələrindəndir və ümid edirəm ki, bunlar davam edəcək.”

Hökumət barışıq səylərinə bu ilin əvvəlində start verərək ölkənin aparıcı kürd partiyası olan Demokratik Cəmiyyət Partiyası ilə danışıqlara başlayıb. Baş nazir Rəcəb Təyyib Ərdoğan münaqişəni çözmək üçün geniş addımlar planlaşdırıldığını bəyan edib.

Bu il Türkiyə dövlət televiziyasında vaxtikən yasaq edilmiş kürd dilində proqramların yayımına başlanıb. Hökumət həmçinin qonşu İraq Kürdüstanının regional hökuməti ilə təmaslara girib. Bu yaxınlaradək Ankara İraq kürdlərini PKK ilə əlbir olmaqda ittiham edirdi.

Kürd Demokratik Cəmiyyətinin xarici əlaqələr üzrə sözçüsü Safin Dizayi bu təslimi alqışlayıb, eyni zamanda türk hökumətinin buna adekvat cavab verməli olduğunu söyləyib.
“Hələlik bu açıq yollu layihədir. Hələ ki, formalaşmış ideya və ya layihə yoxdur. Biz ümid edirik ki, bu ideyalar formalaşacaq və dövlət siyasətində əksini tapacaq.”

Lakin hökumət daxildə qüdrətli millətçi müxalifətlə üzləşir ki, onlar hökuməti ölkənin maraqlarına və qiyamçılarla döyüşlərdə həlak olanların ruhuna xəyanət etməkdə günahlandırır. Analistlər deyir ki, qiyamçıların təslim olması hökumətin konfliktin həllindəki səylərinə dəstək verib. Onlar habelə əlavə edir ki, indi hökumət PKK və ölkənin kürd əhalisindən sözdən əmələ keçmək yönümündə təzyiqlərlə üzləşir.

XS
SM
MD
LG