Accessibility links

ABŞ Dövlət katibinin köməkçisinin müavini Bakıda müzakirələr aparıb


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau Bakıya səfəri çərçivəsinə prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, vətəndaş cəmiyyətinin və biznes təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirib.
Xanım Kaydanau jurnalistlərə bildirib ki, səfər zamanı Azərbaycanın Amerika üçün strateji vacib ölkə olduğunu və münasibətlərin yüksək qiymətləndirildiyini diqqətə çatdıracaq. “Biz münasibətlərimizi daha da inkişaf etdirməyə ümid edirik”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xanım Kaydanau nazir Elmar Məmmədyarovla görüşdə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həllində maraqlı olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə çalışdığını vurğulayıb. “Rəsmi Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması proseslərinin hər ikisində müsbət irəliləyişin əldə olunmasına tərəfdardır”.
ABŞ rəsmisi Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ administrasiyası tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Məmmədyarov isə Azərbaycanın ABŞ-la bütün sahələrdə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinə toxunan cənab Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının bir-biri ilə bağlılığını qeyd edib. “Bu proseslərin hər ikisində paralel olaraq irəliləyişin əldə edilməsi zəruridir”.
O regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün bütün kommunikasiyaların və yolların açılmasının vacibliyini bildirib. “Bunun üçün Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılması lazımdır”.
Vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşdə Amerika rəsmisi Vaşinqton üçün ikitərəfli münasibətlərdə demokratiya məsələlərinin prioritet olaraq qalacağını deyib.
O Vaşinqtonun söz azadlığı məsələlərini, həbsdə olan jurnalistlər və blogerlər problemini, “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının yayımının dayandırılması məsələsini diqqət mərkəzində saxlayacağını bildirib. “Amerika bu məsələlərin müsbət şəkildə həlli məqsədilə rəsmi Bakı ilə dialoqu davam etdirmək niyyətindədir”.

XS
SM
MD
LG